Ən vacib genlər də təhlükə altındadır: alimlər təkamül haqqında nəyi kəşf etdi?backend

Ən vacib genlər də təhlükə altındadır: alimlər təkamül haqqında nəyi kəşf etdi?

Alimlərin apardığı indiyədək ən genişmiqyaslı genetik təhlillərdən biri hüceyrənin həyatı üçün vacib hesab edilən genlərin digər genlərlə müqayisədə mutasiyalardan daha yaxşı qorunmadığını üzə çıxarıb.

KONKRET.az xəbər verir ki, tədqiqatçılar bağırsaq çöpü bakteriyası və çörək mayası göbələyində baş verən spontan mutasiyalarla bağlı məlumatları araşdırdıqdan sonra bu qənaətə gəliblər. Araşdırmanın nəticələri PLOS Biology jurnalında dərc olunub.

Ən vacib genlərin daha az mutasiyaya məruz qalması ilə bağlı fərziyyə hələ 1972-ci ildə irəli sürülmüşdü. Bu yanaşma təkamülün ənənəvi izahına müəyyən mənada yenidən baxılmasını nəzərdə tuturdu. Klassik nəzəriyyəyə görə, mutasiyalar təsadüfi şəkildə meydana gəlir, təbii seçmə isə orqanizm üçün faydalı dəyişikliklərin qorunub saxlanmasına və nəsildən-nəslə ötürülməsinə şərait yaradır.

Lakin əvvəlki müşahidələr tamamilə fərqli mənzərə yaratmış ola bilərdi. Tədqiqatın rəhbəri Lorens Xörstün fikrincə, həyati əhəmiyyət daşıyan genlərdə yaranan zərərli mutasiyalar təbii seçmənin təsiri ilə sürətlə aradan qalxa bilər. Bu səbəbdən alimlər həmin dəyişiklikləri aşkar edə bilmədikdə belə genlərin mutasiyalardan daha yaxşı qorunduğu qənaətinə gəlirdilər.

Bioinformatik Sofiya Radritsaninin rəhbərlik etdiyi tədqiqat qrupu mutasiyaların toplanması üzrə aparılmış təcrübələrin nəticələrini təhlil edib. Genlərin əhəmiyyəti isə onların silinməsinin orqanizm üçün yaratdığı nəticələr əsasında qiymətləndirilib.

Araşdırmanın nəticələri maraqlı olub: nə bağırsaq çöpü bakteriyasında, nə də çörək mayasında həyati əhəmiyyət daşıyan genlərin digər genlərlə müqayisədə daha az mutasiyaya uğradığı müəyyən edilib.

Bununla belə, mutasiyaların yaranma tezliyində müəyyən fərqlər müşahidə olunub. Belə ki, DNT-nin ikiqat artması prosesi zamanı daha gec kopyalanan genlərdə mutasiyalara daha çox rast gəlinib.

Tədqiqatçılar genin istehsal etdiyi zülalın miqdarı və ya onun təkamül tarixi ilə mutasiyaların tezliyi arasında isə hər hansı əlaqə aşkar etməyiblər.

Araşdırma göstərir ki, genin orqanizm üçün nə qədər vacib olması onun mutasiyalardan avtomatik şəkildə qorunması demək deyil.

Başqa sözlə, təkamül prosesində əsas rol oynayan məsələ mutasiyaların yaranmasının qarşısını almaq deyil, onların nəticəsində meydana çıxan dəyişikliklərin təbii seçmə vasitəsilə süzgəcdən keçirilməsidir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*