Bir addım getməmiş, İKİ ADDIM GERİ – Lenin dərddən ağlayırbackend

Bir addım getməmiş, İKİ ADDIM GERİ – Lenin dərddən ağlayır

1995-ci ilin mayında M.Lomonosov adına Moskva Qövlət Universitetinin tələbələri qarşısında çıxışından sonra suallara cavab verərkən ABŞ-ın 42-ci prezidenti Bill Klinton rus tələbələrinə qarşılıqlı sual ünvanladı: “Siz pulların silahlanma yarışına xərcləndiyi, yoxsulluğun davam etdiyi, yoxsa iqtisadi cəhətdən inkişaf edən, demokratik cəmiyyətlərə xas bərabər imkanların, ədalətli sosial siyasətin həyata keçirildiyi ölkədə yaşamaq istəyirsiniz?”.

Tələbələr ikinci yola üstünlük verdiklərini bildirdilər. Lakin, çox təəssüf ki, şimal qonşumuzda baş verən proseslər rus xalqını həmin yola gətirib çıxarmadı. Demokratik dalğa üzərində hakimiyyətə gəlmiş Boris Yeltsin fundamental azadlıqların dönməzliyini təmin edəcək sistem yarada bilmədi, Rusiya parlamentinin binasını top atəşinə tutdu, Çeçenistanda müharibənin alovlanmasını dayandıra bilmədi, ailə üzvləri və ətrafı korrupsiyaya bulaşdı, hakimiyyəti qaranlıq keçmişə malik oliqarxların təklif etdiyi şəxsə təhvil verdi. Beləliklə, hər şey daha betər, eybəcər oldu.

Neft pullarının artması bu ölkənin dövlət siyasətini sovet imperiyasının “rəngi”ni almağa istiqamətləndirdi. Onun mahiyyətinin bərqərar edilməsi qeyri-mümkün olduğundan, neftin qiyməti azalan kimi “rəng” də solğunlaşdı. Amma Kremlin dünyaya, beynəlxalq hüquqa məhəl qoymayaraq Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünə qəsd etməsi ABŞ və Avropa ilə soyuq münasibətlərin tam bərpası, Rusiyaya çoxsaylı sanksiyaların tətbiqi ilə nəticələndi.

  • Kreml üzdə bu sanksiyalara güldüyünü desə də, arxada Vaşinqtonun və Brüsselin əlindən zəncir çeynəyir. “Beyin axını”nın sürətlənməsi, Suriya, Liviya müharibələrində iştirakın fəsadları, koronavirus pandemiyası, Xabarovskda aramsız kütləvi nümayişlər, Aleksey Navalnının “Noviçok”la zəhərlənməsi, Almaniyadan Moskvaya dönərkən onun hava limanında həbsi, Gelencikdəki saray məsələsi ölkəni möhkəm silkələməkdədir. Bir sözlə, Kubanın 30 milyard dollarlıq borcunu silən, Dağlıq Qarabağdakı erməni icmasına humanitar yardımlar daşıyan Rusiyanın daxilində ictimai-siyasi və sosial vəziyyətin gərginləşməsi göz qabağındadır, çünki rus xalqının əksəriyyəti səfillik içində yaşayır.

Bir tərəfdən ABŞ mütəxəssisləri Rusiyanın Kubaya göndərdiyi hərbi gəmilərin bərbad vəziyyətinə baxıb uğunurlar, digər tərəfdən Paşinyan kimi uğursuz siyasətçi Rusiyanın silahlarının müharibəyə yararsız olduğunu bəyan edir. Üstəlik, növbəti (!) kosmos biabırçılığı ortaya çıxıb.

Əslində, yanvarın ortalarında kosmonovtlarla bağlı yayılmış xəbər ölkədəki durumun açınacaqlı halından xəbər verir. Məlum olub ki, Beynəlxalq kosmik stansiyadakı rus kosmonavtlarının ərzağı bitib. “Proqres” yük gəmisinin uçuşu 15 fevrala qədər təxirə salındığından, “Roskosmos” öz kosmonavtlarına ərzaq çatdıra bilmir.

Bəs Rusiyanın qürur duyduğu kosmonavtları ac qalmaqdan kim xilas etdi? Əlbəttə ki, Rusiya TV-lərinin bütün günü iftiralar yağdırdığı, söydüyü, dağılacağını arzuladıqları ABŞ. Astronavtlar öz ərzaq, qida payını rus kosmonavtları ilə bölüşərək ödənişsiz qaydada 13 konteynerdən ibarət rasionu onlara ötürüblər. Sən demə, rusların “Proqres”i çoxtutumlu deyil, kifayətcə yük daşıya bilmir. Amerikalıların gəmiləri isə daha ağır yükləri daşımağa qadir olduğundan, astronavtlar lazımi həcmdə ərzaqla təmin edilirlər.

“Roskosmos” nümayəndələri və mütəxəssislər müxtəlif bəhanələrlə bu insidenti yumşaltmağa çalışsalar da, dünyanın ilk kosmonavtının kosmosa uçduğu ölkədə hadisə birmənalı qarşılanmayıb. Saratov vilayət dumasının alovlu deputatı Nikolay Bondarenko Yuri Qaqarinin tarixi uçuşunun 60 illiyi münasibətilə yerli hakimiyyətin müsabiqə keçirilməsi barədə qərar layihəsinin müzakirəsi zamanı onları – hakim partiya təmsilçilərini sərt şəkildə tənqid edib: “Kosmonavtlar kosmik stansiyada yeməyə heç nə tapmır, onları amerikalılar yedirdirlər. …Kim bunun üçün məsuliyyət daşıyacaq? Yuri Qaqarin kosmosa uçan ilk kosmonavt olub. Açıq kosmosa da ilk dəfə çıxan sovet kosmonavtı olub. Necə raketlər istehsal edilirdi! Görün, indi bu sahədə ABŞ necə irəli sıçrayıb, Çin necə irəli gedib. Siz artıq yerinizdə də saymırsınız, geri gedirsiniz”.

Atalarımız demişkən, görünən dağa nə bələdçi. Ölkənin vəziyyəti Yerdən də görünür, kosmosdan da…

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*