“Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində əlavə tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncamın mətnini nəzərdən keçirdikdə bir daha əmin oluruq ki, Azərbaycan sosial yönümlü dövlətdir və ölkə başçısının siyasətinin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib. Onun sözlərinə görə, həmin sərəncamda göstərilir ki, 2019-cu ildə iki dəfə sosial islahat zərfi qəbul edilib: “Bunun nəticəsində ölkədə müavinət və təqaüdlərin həcmi orta hesabla 92 faiz artıb. Pensiyanın minimum hədd artımı 72 faiz təşkil edib. Bununla yanaşı minimum əmək haqqı 92 faiz artıb, dövlət müəssisəsində çalışan şəxslərin maaşı 50 faiz yüksəlib. Həm də pandemiya dövrü reallığında dövlət əhalinin sosial problemlərinin həlli istiqamətində bir sıra mühüm addımlar atıb. Belə ki, iqtisadi problemlərin həlli üçün 2,5 milyard manatdan çox vəsait xərclənib. 2021-ci ilin büdcəsində pandemiyaya qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb. Sahibkarlara 4 dəfə 190 manat məbləğində yardım edilib. Eyni zamanda bu kimi digər sosial yönümlü addımlar atılıb”.

Elman Nəsirovun sözlərinə görə, Prezident vurğuladı ki, artıq 2021-ci ildə postpandemiya dövrünə daxil olmağa hazırlaşırıq və bu istiqamətdə müəyyən işlər görülməkdədir: “Yeni şəraitə uyğun olaraq bizim iqtisadiyyatımızın bərpası özünü göstərir. Dünya iqtisadiyyatında da bərpa və artım tempi müşahidə olunur. Amma postpandemiya dövrünün yeni reallıqları fonunda diqqətdən qaçmayan başqa bir çətinlik də ortaya çıxıb. Belə ki, iqtisadi fəallıq və tələbat artıb. Amma o müəssisələr ki, bağlanmışdı və fəaliyyətini dayandırmışdı, indi onların bərpası prosesi ilə tələbat arasında bir dispraporsiya mövcuddur. Yəni onların işə düşməsi və özünü bərpa etməsi prosesinin tempi aşağıdır, lakin iqtisadi fəallıq və tələblər daha sürətlə artmaqdadır. Nəticə etibarilə tələb və təklif arasında uyğunsuzluq yaranır və bu da qiymətlərin artımını şərtləndirir. Dünya bazarında hazırda vəziyyət belədir. Biz də dünya bazarından çoxsaylı məhsullar idxal edərkən, həmin qiymət artımının birbaşa təsir dairəsinə düşürük. Aldığımız məhsullar isə əvvəlkindən daha baha qiymətə Azərbaycan bazarına daxil olur. Bu da təbii ki, ölkə vətəndaşının cibinə təsir göstərir. Ölkə başçısı da, 2022-ci ilin dövlət büdcəsinin artırılması zamanı bu reallığın nəzərə alınmasını müvafiq qurumlara tapşırıb. Yəni müavinətlər, təqaüdlər və maaşların artırılması dediyimiz bu problemlərə adekvat olaraq nəzərdə tutulub”.
Millət vəkili əlavə edib ki, sadalanan artımlar Azərbaycan iqtisadiyyatında artıq özünü göstərməyə başlayıb: “Elə bu səbəbdən də qazın, elektrik enerjisinin satış qiymətində kiçik də olsa artım tendensiyası baş verib. Bu da dediyimiz kimi obyektiv səbəblərlə bağlıdır. Lakin dövlət və onun rəhbəri əlindən gələni edir ki, yeni şərait əhalinin sosial vəziyyətinə ciddi təsir göstərməsin”.
Müşviq Tofiqoğlu
KONKRET.az

bizim ölkədə millət vəkilləri yoxdur, azqala heç olmayıb da..onlar hamısı hökümət vəkilləridir, o onları təyin edib..
Elman Nəsirovun market və bazardan xəbəri yoxdur. Qiymətlərin 200- 300 faiz qalxması müqabilində – əmək haqqı və müavinətlər 10 faiz artırılacaq yəqin