Elan saytlarında iş axtaranların NƏZƏRİNƏ! – SƏS YAZISIbackend

Elan saytlarında iş axtaranların NƏZƏRİNƏ! - SƏS YAZISI

Fırıldaqçıların ən çox tüğyan etdiyi yerlərdən biri də bu saytlardır. İnsanları tora salmaq üçün çoxu həmin platformalarda əməlli-başlı set yaradıb.

Bu gün KONKRET.az-ın redaksiyasına zəng edən Rauf Səfiquliyev adlı bir şəxs Lalafoda iş axtarması ilə bağlı elan yerləşdirdiyini deyir. Bildirir ki, elan sayta qoyulandan dərhal sonra özünü Əliyev Kamil Heydər oğlu kimi təqdim edən bir nəfər ona zəng vurub. Deyib ki, Beynəlxalq Hava Limanında onu mühafizə xidmətinə işə götürmək istəyir. Sonra tibbi müayinə kartının olub-olmadığını soruşub və guya kart açmaq adıyla ona Nailə Məmmədova adlı şəxsin hesab nömrəsini yollayıb ki, ora 180 manat pul köçürsün. Raufun işə götürənlərlə görüşmək istəməsindən və başqa digər araşdırmaçı suallarından sonra isə həmin şəxs onun nömrəsini bloka atıb.

Şikayətçi deyir ki, elanı Lalafoya az müddətdə yerləşdirməsinə baxmayaraq, müxtəlif adlarla ona bu səpkili bir necə zəng və təklif olunub. Əlavə olaraq tibbi kart açmaq üçün pul köçürəcəyi hesab nömrəsi ona Əmrahlı Salman adlı şəxsin ödəniş qəbzinin skrin edilməsi ilə göndərilib. Bu da o deməkdir ki, artıq bir neçə nəfər həmin fırıldaqçı şəbəkənin qurbanı olub.

 

Başqa bir narahatlıq doğuran məsələ isə ondan ibarətdir ki, bu aferistlər öz murdar planlarını həyata keçirmək üçün şəhid adından sui-istifadə edirlər. Özlərini şəhid övladı kimi təqdim edib, mənəviyyatlı, saf, dürüst, vicdanlı göstərməklə insanları inandırmağa çalışırlar.

Beləliklə, vətəndaşlarımızı belə məsələlərdə ayıq-sayıq olmağa, hüquq-mühafizə orqanlarını isə faktı araşdırmağa çağırırıq…

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Faktla bağlı əlimizdə olan bütün materialları təqdim etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*