Rusiya parlamentariləri və ictimai xadimləri Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycana qarşı səsləndirdiyi qalmaqallı açıqlamalara mənfi reaksiya göstərdilər. Parlament üzvlərinin qeyd etdiyi kimi, həmkarlarının hərəkətlərinə və bəyanatlarına münasibət bildirmək onların adət etdikləri məsələ deyil. Amma burada susmaq sadəcə mümkün deyildi. Çünki Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq əlaqəsidir. İki dövlətin liderləri Vladimir Putin və İlham Əliyevin münasibətləri yüksək səviyyədədir. Şəxsən Vladimir Putinin Rusiyanın iki dost ölkəsi – Azərbaycan və Ermənistan arasında 30 illik münaqişənin düyününü kəsmək və iki dövlətə bu məsələdə kömək etmək üçün göstərdiyi inanılmaz səylər fonunda Vitali Milonovun açıqlamaları əsl təxribatdır. Milonvun Azərbaycana qarşı açıqlamalarını kəskin tənqid edənlər arasında Dövlət Dumasının deputatı Aleksey Juravlyov də var. O, “Moskva-Bakı”-ya verdiyi müsahibəsində fikirlərini söyləyib və bir millət vəkilinin bu cür açıqlamalarını qəbuledilməz sayıb.
– Vitali Milonovun strateji tərəfdaş və mehriban qonşular haqqında verdiyi bu kimi açıqlamalar, ilk növbədə Rusiyanın özünün mənafeyinə ziddir. Bunun həm də millətçiliyin alovlu təzahürü olduğu heç kimə sirr deyil …
– Düşünürəm ki, belə fikirlərə xüsusi diqqət yetirməyə lüzum yoxdur. Çünki bü cür məsuliyyətsiz fikirlər Rusiya parlamentinin və bütövlükdə dövlətimizin rəsmi mövqeyini qətiyyən əks etdirmir. Dövlət Dumasındakı həmkarlarımı beynəlxalq məsələlər çərçivəsində tənqid etməkdən xoşum gəlmir. Amma bu dəfə mənzərə fərqlidir. Milonov tərəfindən səsləndirilən fikir Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə yalnız özünün bəsit düşüncələrini əks etdirir. Üstəlik, belə bir mövqe Rusiya Federasiyasının aktiv rol oynadığı Qarabağ probleminin həlli ilə bağlı davam edən prosesi çətinləşdirə bilər. Əlbəttə ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatları bəzi şəxsi maraqlarını rəhbər tutaraq bu kimi sözlərlə reallığı təhrif edə bilməzlər. Ümid edirəm daha sonra Milonov səhv ifadələri üçün üzr istəyəcək. Əslində Rusiyanın – bütövlükdə hökumətimizin, millət vəkillərinin və cəmiyyətin – Azərbaycana qarşı tutduğu mövqe həmrəylik və dostluqdur. Azərbaycan Rusiyanın tarixi, strateji və etibarlı müttəfiqidir. Azərbaycan xalqı ruslar üçün qardaş bir millətdir və yaxın tərəfdaşlıq münasibətlərimiz ən dinamik və ən yaxşı şəkildə inkişaf edir və inkişaf edəcəkdir. Bu prinsipial mövqeyimizə zidd olan hər hansı bir açıqlama ya axmaqlıq, ya da təxribat kimi qəbul edilə bilər. Azərbaycan qanunun aliliyinə hörmət edərək bütün beynəlxalq müqavilələrə sadiq qaldı. Müharibəni dayandırdı. Bunun üçün Azərbaycana minnətdarıq.
– 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı Milonov Dağlıq Qarabağı ziyarət etdi, burada separatçıların lideri ilə görüşdü və anti-Azərbaycan açıqlamalar verdi. Bu gün Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın sülh yoluna qədəm qoyduqları bir zamanda bu tip açıqlamalar qətiyyən yolverilməzdir. Elə deyilmi?
– Əlbəttə ki, siyasətçi beynəlxalq münasibətlər sahəsindəki açıqlamalarına və hərəkətlərinə xüsusi məsuliyyətlə yanaşmalıdır. Dövlət Dumasının deputatlarına gəldikdə, burada onlar yalnız öz seçiciləri qarşısında deyil, bütövlükdə bütün Rusiya dövləti qarşısında cavabdehdirlər. Azərbaycanla Ermənistan arasındakı münaqişə vəziyyətində bu məsuliyyət sadəcə mütləq deyil, fövqəladədir. Milonovun dedikləri onun insani, peşə və siyasi səhvidir. Səhvini düzəldə biləcəyi və növbəti dəfə bunu etməyəcəyi onun öz işidir. Ancaq, bir daha təkrar edirəm ki, onun anti-Azərbaycan bəyanatları həm Rusiya hakimiyyətinin mövqeyinə, həm də Rusiya vətəndaşları və seçicilərinin fikirlərinə tamamilə ziddir. Bildiyiniz kimi, rəsmi İrəvanın Dağlıq Qarabağda yeni müharibə çağırışları ilə bağlı fikirlərinə ciddi etirazlarımız var. Lakin Bakının mövqeyi bizimkilərlə üst-üstə düşür. Və bu münaqişənin həlli baxımından çox vacibdir.
– Şübhəsiz ki, vəziyyət elədir ki, erməni lobbisi bəzi rus siyasətçilərinin milliyyətçi mövqelərindən sülh üçün deyil, Ermənistanla Azərbaycan arasındakı münaqişənin davam etdirilməsinə yönəlmiş bir vasitə olaraq istifadə edir. Bu siyasətdir və bu cür “təsir” halları yalnız Rusiyada deyil, ən açıq şəkildə Fransa və ABŞ-da müşahidə olunur.
– Əlbəttə ki, erməni emissarlar Rusiyadakı bəzi vicdanı olmayan siyasətçilərdən dəstək almağa çalışırlar. Onlar çox azdır. Amma ermənilər bu azlıqdan da istifadə edirlər.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
