Əsgərlik müddətinin uzanacağı deyilən Riadla bağlı – AÇIQLAMAbackend

Əsgərlik müddətinin uzanacağı deyilən Riadla bağlı - AÇIQLAMA

İkinci Qarabağ döyüşlərində iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Riad Xancanovun əsgərlik müddəti 6 ay da uzana bilər. Buna səbəb tələbənin Hərbi İdman Qurğuları fənnindən akademik borcunun olmasıdır. Yaranmış problemlə bağlı tələbənin anası Təbəssüm Xancanova məlumat yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə unikal.org-a danışan ananın sözlərinə görə, oğlu Riad Xancanov 2016-ci ildə APDU-nun İncəsənət və Fiziki Tərbiyə fakültəsinin Fiziki Tərbiyə və Gənclərin Çağırışa qədərki hazırlığı ixtisasına qəbul olub. Ötən ilin sentyabrında isə hərbi xidmətə yollanıb:

“Oğlumun dördüncü kursda oxuyarkən Hərbi İdman Qurğuları fənnindən bir akademik borcu yaranmışdı. Ötən il sentyabrın 25-i hərbi xidmətə gedib, İkinci Qarabağ döyüşündə vuruşub. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrud, Xocavənd və Şuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib. Mən oğlumun universitetdə akademik kəsrinin həll olunmasına kömək edilməsi üçün ADPU-nin rektoru Cəfər Cəfərova və təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət etmişəm. Mənə rədd cavabı verilib, bildirilib ki, oğlunuz hərbi xidmətini başa vurduqdan sonra araşdırarıq. Əgər bu məsələyə kömək olunmasa, oğlum bir il deyil, əlavə olaraq 6 ay da hərbi xidmətdə olacaq”.

Problemlə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektorun köməkçisi Cavid Hüseynovla əlaqə saxlanılıb. O bildrib ki, Riad Xancanova yalnız hərbi xidmətdən qayıtdıqdan sonra kömək edilə bilər, çünki indiki halda qanunvericilik buna imkan vermir:

“ADPU-nun tələbəsi Riad Xancanovun akademik borcu dördüncü deyil, ikinci kursda yaranıb. Hazırda hərbi xidmətdə olan tələbənin valideyni universitetə müraciət edib və ona izah olunub ki, akademik borcla bağlı tələbəyə hərbi xidmətdən qayıtdıqdan sonra köməklik etmək mümkündür. Bizim döyüşlərdə iştirak edən başqa tələbələrimiz də olub və onların hamısına hərbi xidmətdən qayıtdıqdan sonra yardım etmişik. Tələbə xidmətdə olarkən bunu düzəltmək mümkün deyil, qanunvericilik buna yol vermir. Bunu ancaq o halda etmək olar ki, saxta sənəd düzəldilsin. Məsələni onun valideyninə də izah etmişik və o da anlayışla qarşılayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*