İrəvana gedən azərbaycanlı ekspert: “Məni hələ çox təhlükələr gözləyir”backend

İrəvana gedən azərbaycanlı ekspert: "Məni hələ çox təhlükələr gözləyir"

Əslən İrəvandan olan azərbaycanlı hərbi – siyasi ekspert Telman Qasımov 35 ildən sonra İrəvana səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə ekspert özü məlumat verib. Hərbi ekspert açıqlamasında bildirib ki, səfər tam məxfi təşkil edilib.

“35 ildən sonra doğma şəhərimə səfər etdim, məhləmizə getdim. 17 yaşıma qədər Komitas küçəsi 5A-da yerləşən evimizdə yaşamışam. Evimizi ziyarət etdim. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam” – deyə Telman Qasımov vurğulayıb.

Hərbi ekspert əlavə edib ki, Ermənistan hakimiyyətinə sübut etdim ki, onların təhlükəsizlik sistemi mövcud deyil, dövlət sərhədi, ümumiyyətlə, qorunmur.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirib ki, azərbaycanlı ekspert Telman Qasımovun dekabrın 5-də yaydığı videonu hələ 2017-ci ildə alıb: “2017-ci ilin noyabrında ikili vətəndaşlığı olan A.K. adlı şəxs Qasımovun doğulub boya-başa çatdığı binanın videosunu çəkərək ona göndərib.

“Altı il sonra Qasımov erməni cəmiyyətində çaxnaşma salmaq və Azərbaycan ictimaiyyəti arasında reytinqini yüksəltmək üçün videonu montaj edərək, ona səsini əlavə edib”, – deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı KONKRET.az-a danışan Telman Qasımov bildirib ki, məlumat yayılandan ermənilər Ermənistan milli təhlükəsizlik xidmətindən tələb edirdi ki, açıqlama versin:

 

“Açıqlamaya görə isə video 2017-ci ildə çəkilib. Ancaq sual olunur: Əgər bu hadisə 2017-ci ildə baş veribsə, nə üçün həmin vaxt deyil də, bu günlərdə yayılıb? Halbuki 44 günlük Vətən müharibəsində bu videodan çox gözəl istifadə edə bilərdim. Bu da onların yalan dediklərini ifşa edir”.

“Hətta bəzi iddialara görə, guya bu video 2005-2006 cı illərdə çəkilib. Bundan başqa guya mənim skrinlərim, şəkillərim var. Mən düşünürəm ki, qarşıda məni hələ çox şeylər gözləyir. Texnologiyanın inkişaf etdiyi bir dövrdür. İstədikləri şeyi istədikləri kimi qələmə verəcəklər. Hətta mənim səslərimdən qondarma səs yazısı da düzəldə bilərlər ki, texnologiyanın müasir inkişafı bunu deməyə əsas verir. Mən bunu normal qəbul edirəm. Özlərini doğrultmaqdan ötrü bu yollara əl atacaqlar”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki hesablarında erməni əsilli şəxslərin dostluğunda olması onun üçün Ermənistandan video çəkmək və ya nəsə sifariş vermək anlamına gəlmir: “Yəni bu gün Ermənistan təhlükəsizlik xidmətinin verdiyi açıqlamaları mən belə də gözləyirdim. Çünki ortada bir əsas yoxdur, tapa bilmirlər. Belə olduğu halda isə nə desinlər? Ona görə də mənim getməyim də, gəlməyim də çox böyük narahatlıqlar yaradıb. Amma yenə də deyirəm, bu açıqlamaları mən normal qəbul edirəm. Çünki zəifliklərini göstərmək əvəzinə, özlərinə bəraət qazandırmağa çalışmaqları təbiidir. Mətbuatın, ictimaiyyətin təzyiqi qarşısında bu addımlar başa düşüləndir”.

“Mənim üçün təhdid və təhlükə həmişə var. Bu, birinci dəfə deyil. Bu təhdidlərin ən kəskini Laçın – Xankəndi yolundakı ekoloji aksiyada iştirakımdan sonra olmuşdu. Hətta, “ASALA” terror təşkilatından səsyazmlar şəklində təhdidlər göndərilirdi. Bu gün də mənə təhdidlər olunur. Ancaq mən bunlara normal yanaşıram. Madam bu yola qədəm qoymuşam, nəticəsini də bilirəm”, – deyə müsahibimiz əlavə edib.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*