Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri regionda diqqət mərkəzinə çevrilib. Siyasi baxımdan həssas bir dövrə təsadüf edən bu səfər həm sülh danışıqları, həm də nəqliyyat-kommunikasiya layihələrinin taleyi baxımından mühüm siqnal kimi qiymətləndirilir.
Bəs bu görüş regionda uzun müddətdir müzakirə olunan sülh sazişinə və Zəngəzur dəhlizinin açılmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, səfərin vaxtı təsadüfi deyil və bir sıra mühüm siyasi proseslərlə üst-üstə düşür.

“Bu, həm Avropa Siyasi Birliyinin sammiti ərəfəsinə, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin regiona planlaşdırılan səfəri öncəsinə təsadüf edir. Ermənistanda iyunun 7-nə planlaşdırılan parlament seçkiləri və yaxın aylarda gözlənilən siyasi qərarlar da bu səfərin əhəmiyyətini artırır”.
Cavanşir Abbaslının fikrincə, son aylarda arxa plana keçdiyi iddia olunan Zəngəzur dəhlizi məsələsi də bu səfərlə yenidən gündəmə gələ bilər.
“Regionda, o cümlədən İran ətrafında baş verən hadisələr fonunda bu layihənin aktuallığı sual altına düşsə də, Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri bu istiqamətdə müzakirələrin intensivləşəcəyini göstərir. Yaxın aylarda həm sülh müqaviləsi, həm də kommunikasiyaların açılması ilə bağlı ciddi qərarların qəbul olunması mümkündür. Ermənistanda seçkilərdən sonra konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi və Azərbaycanın, eləcə də Türkiyənin ərazi bütövlüyünə dair iddiaların aradan qaldırılması ehtimalı da müzakirə olunur.
Uzun fasilədən sonra Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin Ermənistana səfər etməsi tarixi hadisədir. Bu addımın nəticələrini yaxın müddətdə görəcəyik”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, səfərin konkret gündəliyi və keçirilən görüşlərlə bağlı rəsmi məlumatların yaxın saatlar və ya günlər ərzində açıqlanacağı gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
