“Son illər internetə başçılıq edən Nazirliyin adı 5 dəfə, nazir 3 dəfə dəyişdi, ancaq keyfiyyət heç dəyişmədi. Daha da pis oldu”.
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov səsləndirib. O bildirib ki, Azərbaycanda internetin bərbad vəziyyətdə olduğunu çoxları bilir: “Elə indi speedtest saytında mənə bu günə olan durumumuzu göstərdilər. Bizdən pis sürət olan ölkələr demək olar ki hamısı Afrikada yerləşir. Afrikada olmayanların arasında Venesuela, Livan, Libya, Fələstin və sair, yəni mövcud olma dərdi ilə əlləşən ölkələrdir. Bununla yanaşı ortalama internet qiymətlərinə də göz gəzdirdim. Qiymətə gələndə ən bahalılar sırasında deyilik, ortalarda bir yeri tutmuşuq. Diqqətimi çəkən isə o oldu ki, internet bahalı olan əksər ölkələr sürət üzrə liderdilər. Bir başqa yerdə göstərilən cədvəldə isə hər MeqaBayt üçün qiymət yazılmışdı. Mənbədən 100 faiz əmin olmasam da, məntiqlə baxanda düz yazıldığını gördüm. Bizə verdikləri internet sürətinə görə aldıqları pul yenə Afrika ilə bir sıralamadadır”.

Aslan İsmayılov əlavə edib ki, problemlə bağlı zəng eləmək istəyib. “Google”dan Baktelekomun nömrəsini tapmaq üçü axtarışa verəndə, oğlum çox təəccüblə güldü və başını yellədi, “internetin yaxın vaxtlarda düzələcəyini gözləməyin” dedi. Niyəsini soruşduqda “Google”da olan reytinqlərini və rəylərini göstərdi. 5 baldan 1.2, yəni sıfırdır. (0 bal yoxdur, ən az verilə biləcək 1-dir). Baktelekoma zəng etdik, müraciətiniz qeydə alındı, gözləyin cavabını verdilər: “Saatlar keçdikdən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmək istədik. Onların da reytinqini 2.2 görəndən sonra fikrimizdən döndük. Maraq üçün başqa nazirlikləri də axtarışa verib reytinqlərinə baxdım. Sözün açığı bu nazirliyin cəmiyyətdə belə aşağı nüfuzunun olmasını gözləmirdim. 3-cu gündür hələ də biz o zəngi gözləyirik ki, internetin işləmədiyini söyləyək. Aylıq 45 manat verdiyim pulu Baktelekom dövlətdən gələn ödəniş kimi görür. Kefləri istəyəndə işləyirlər. Özəl şirkətlər qazancları müftə gəlmir deyə uzağı bir neçə saata cavab verirlər. Adı innovasiya ilə əlaqələndirilən, yenilikləri bizlərə gətirməli olan nazirliyin tabeçiliyində olan bir qurum daha çox kommunizmi yada salır. Pulunu ver, müraciət elə, otur gözlə, nə vaxt bəylərin kefi olar onda da həll edərlər. Sonda, cibə girib pulumuzu oğurlayana cibgir deyərik. Bəs bunlara nə ad verək”?
Müşviq Tofiqoğlu
KONKRET.az
