“Reuters”: Rəsmi Paris Türkiyənin Qafqazda olmasından çox narahatdırbackend

“Reuters”: Rəsmi Paris Türkiyənin Qafqazda olmasından çox narahatdır

Altı həftəlik döyüşlərdən sonra əldə edilmiş sülh anlaşmasına görə, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilirdi ki, “Azərbaycan Ordusunun bölmələri döyüş əməliyyatlarına son qoymaq üçün imzalanmış anlaşmaya uyğun olaraq 25 noyabrda Kəlbəcər rayonuna girdi”.

Qeyd edək ki, 10 noyabr anlaşmasına görə, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana təhvil verilməli idi. Lakin erməni tərəfinin istəyinə əsasən bu müddət noyabrın 25-dək uzadıldı.

Televiziya ilə müraciətində Azərbaycan Prezidenti İlham Əliyev xalqı təbrik etdi və Kəlbəcərdə olan bir çox dini abidələrin milli irs kimi qorunacağına söz verdi. Eyni zamanda, Kəlbəcəri tərk edən zaman evlərə od vuran, meşələri yandıran erməniləri sərt tənqid etdi.

Beləliklə, atəşkəs razılaşmasına əsasən, Qarabağ ətrafındakı ikinci rayon Azərbaycana təhvil verildi. Buna qədər noyabrın 20-də Ağdam rayonu ermənilər tərəfindən boşaldılıb. Anlaşmaya görə, dekabrın 1-də Laçın rayonu da Azərbaycan tərəfə təhvil veriləcək.

Xatırladaq ki, sentyabrın 27-də başlayan hərbi əməliyyatlardan sonra 4 rayon – Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Azərbaycanın nəzarətinə keçmişdi. Noyabrın 8-də isə Azərbaycan Ordusu strateji məntəqə olan Şuşa şəhərini ələ keçirmişdi.

Kəlbəcəri tərk edən Ermənistan sakinləri isə yola çıxmadan əvvəl ağacları kəsir, elektrik kabellərini sökür, hətta hidroelektrik su bəndinin hissələrini maşınlara yükləyərək daşıyırlar. Çünki ermənilər 25 il ərzində yaşadıqları evləri salamat şəkildə azərbaycanlılara vermək fikrində deyillər. 53 yaşlı kərpic ustası Qarik Yakçibekyan deyir ki, “Azərbaycanlılara qalmasın deyə evləri, meşələri yandırırıq, ağacları, hətta heyvanları kəsirik”.

Mühəndis Qriqori Qriqoryan 25 il yaşadığı evdən, “uşaqlarının böyüdüyü və məktəbə getdiyi” yerdən ayrıldığına görə peşman olduğunu söyləyir.

Bakıda isə qələbə sevinci yaşanır. İnsanlar küçələrdə şadyanalıq edirlər. 25 yaşlı İlkin Məmmədov Kəlbəcəri bütün dünyaya tanıtmaq istədiyini vurğulayır. 22 yaşlı Aişə Əliyeva isə “bizi 27 il orada yaşamağa qoymadılar”, – deyə təsirlə danışır.

Dünən Vladimir Putin Rusiya sülhməramlılarının iş rejimi ilə bağlı İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı aparıb. Rusiya prezidenti, eyni zamanda. atəşkəsə nəzarət etmək üçün ortaq bir mərkəz yaratmaq barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da danışıb.

Fransa hökuməti keçən həftə Rusiyanı xüsusən də Türkiyənin rolu ilə əlaqədar atəşkəs ətrafındakı “qeyri-müəyyənliyi” aradan qaldırmağa çağırdı. Paris Ankaranın sülhməramlı əməliyyatlarda iştirakından narahat olduğunu bildirdi. Moskva isə Qarabağ ərazisində türk əsgərinin olmayacağına söz verdi.

Rəsmi Paris Rusiyanın himayəsi altında imzalanan atəşkəs razılaşmasında Moskvanın Qafqazda təsir imkanlarını artırdığını bəyəndiyini, lakin Türkiyənin bölgədə artan nüfuzundan narahatlığını ifadə edib.

Bununla da Qərb və ABŞ Qafqazda təsir imkanlarını itirdiyini dolayısı ilə etiraf edib. Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya ötən 25 ildə heç nə ilə yadda qalmayıblar.

“Reuters”, 25 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*