20 aprel 2024-cü il tarixində Xətai Sənət Mərkəzində gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.
KONKRET.az xəbər verir ki, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov sərgini açıq elan edərək rəssamın yaradıcılığı barədə geniş məlumat verdi.
Sonra Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxış edərək sərginin əhəmiyyətini vurğuladılar. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək qeyd elədi ki, bu Reyhan Aslanovanın ilk fərdi yarasıcılıq sərgisidir. Rəssama yaradıcılıq uğurları arzulayan Z.Əvəzov sərginin açılışı münasibətilə Reyhan Aslanovaya Xətai Sənət Mərkəzi adından xüsusi diplom təqdim etdi. Çıxışçılar qeyd etdilər ki, Reyhan Aslanova öz yaradıcılığında Qərbi Azərbaycanı, Qarabağı tərənnüm etmişdir. Sərgidə nümayiş olunan güllər arasında “10 may gülləri” adlı əsər tamaşaçıların xüsusi diqqətini cəlb etmişdir. Bu əsər Ulu Öndər Heydər Əliyevin doğum gününə ithaf olunmuşdur.
Sərgidə rəssamın mənzərə, natürmort, portret janrlarında 100-dək əsəri nümayiş olunmuşdur. Sərginin açılışında mədəni ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Sərgi aprelin 24-dək hər gün saat 11:00-dan 18:00-dək tamaşaçıların üzünə açıq olacaqdır.