“Rusiyanın istəyi odur ki, türk ordusu Qarabağa girməsin, ona görə də…” – Eldar Namazovbackend

“Rusiyanın istəyi odur ki, türk ordusu Qarabağa girməsin, ona görə də...” - Eldar Namazov

KONKRET.az politoloq Eldar Namazovla müsahibəni təqdim edir:

– Eldar müəllim, bu gün BMT Təhlükəsizlik Şurasının qapalı toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmə formasında qapalı müzakirələr aparılacaq. Gözləntiləriniz nədir?

– Bu müzakirələr bir sıra Avropa ölkələrinin təşəbbüsü ilə gündəliyə salınıb. Gündəlikdə əslində Suriyadakı vəziyyətin müzakirəsi idi. Suriya müzakirələrindən sonra Dağlıq Qarabağa dair də müzakirələr aparılacaq. Adətən, qapalı keçirilən iclaslar daha çox məsləhətləşmə xarakteri daşıyır. Qətnamə və digər sənədlər qəbul edilən zaman müzakirələr açıq keçirilir, səsvermə göstərilir. Məlum olur ki, hansı ölkə hansı məsələyə səs verir. Amma qapalı müzakirələr daha çox məsləhətləşmə xarakteri daşıyacaq və buna da təbii yanaşmaq lazımdır. İndi Qarabağda işğalçıya qarşı aparılan əməliyyat dünya ictimaiyyətinin diqqətindədir. Hazırda bütün beynəlxalq təşkilatlar hadisəyə xüsusi diqqətlə yanaşırlar, bəyanat verirlər. Xüsusilə, qonşu ölkələrimizdə baş verənlər diqqətlə izlənilir. Rusiya kanallarında isə bu mövzu Belarus və Ukraynada baş verənləri də kölgədə qoyub.

– BMT Təhlükəsizlik Şurasında bu gün keçiriləcək qapalı məsləhətləşmələrdən sonra bu qurum yaxın günlərdə toplaşaraq hansısa qətnamə qəbul edə bilərmi?

– Bu mümkündür. İndi hərbi əməliyyatların keçirilməsi, müharibənin yeni mərhələsinin başlanmasının əsas səbəbi odur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 ilə yaxındır həyata keçirilmir. BMT vaxtilə ATƏT-in Minsk Qrupuna mandat vermişdi ki, bu qətnamələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin. ATƏT də hər il bu mandatı necə icra etməsinə dair BMT-yə hesabat verirdi. Faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dair son 30 ilə yaxın müddətdə heç bir addım atılmayıb. Sözsüz ki, Təhlükəsizlik Şurası bu məsələyə qayıda və daha ciddi qərarlar qəbul edə bilər.

– BMT yeni qətnaməni indiyə qədər qəbul olunan 4 qətnamənin bazası əsasında qəbul edə bilər, yoxsa gözləmədiyimiz halda günahkar tərəf kimi təqdim olunma ssenarisi ilə qarşılaşa bilərik?

– Bilirsinizmi, BMT Təhlükəsizlik Şurasının anti-Azərbaycan qətnaməsi qəbul etməsini təsəvvür edə bilmirəm. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə göstərilir ki, Azərbaycan əraziləri işğal olunub. Bütün qətnamələrdə qeyd olunur ki, bu ərazilər qeyd-şərtsiz azad edilməlidir. Ona görə də indiyə qədər verilən qətnamələrin üzərindən nə xətt çəkilə, nə də bu qətnamələr inkar oluna bilər. Odur ki, belə bir variant gözlənilmir.

Əlbəttə, bütün beynəlxalq qurumların çağırışlarında birmənalı və mütləq olaraq sülhə çağırış olacaq, hərbi əməliyyatların dayandırılması istəniləcək. Buna təbii yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, burada söhbət diplomatiyanın dilindən gedir. Heç bir diplomat deməz ki, filan ölkə gedib müharibə etməlidir… Hamı başa düşür ki, BMT nizamnaməsinə görə, hər bir dövlət ərazi bütövlüyünə qəsd edildikdə, onu müdafiə etmək hüququna müalikdir. BMT nizamnaməsində göstərilib ki, əvvəlcə təcavüz faktı təsdiqlənməlidir, bundan sonra təcavüzə qarşı diplomatik, iqtisadi sanksiyalar olmalıdır. Buna rəğmən işğal davam edərsə, həmin dövlət güc tətbiq edərək öz suverenliyi və ərazi bütövlüyünü təmin etmək hüququna malikdir. Qarabağ məsələsi isə bu mərhələdən çoxdan keçib. İşğal faktını BMT Təhlükəsizlik Şurası təsdiq edib, Azərbaycan Ermənistana sanksiyalar tətbiq edib, çağırışlar və təkliflər olunub. 30 ilə yaxındır ki, sülh danışıqları aparılıb, amma işğalçı ordu ərazidən çıxmayıb. Bu halda Azərbaycanın tam haqqı var ki, güc tətbiq edərək ərazi bütövlüyünü təmin etsin. Bu, BMT-nin təməl prinsipidir. Hətta Azərbaycanın əleyhinə olan ölkələr də heç vaxt istəməzlər ki, bu təməl prinsip pozulsun. Çünki bu, sabah onların da başına gələ bilər.

– Artıq üçüncü gündür ki, Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlar keçirir, bununla paralel olaraq sıx diplomatik təmaslar yürüdülür. Bu mənada vəziyyətə dair beynəlxalq reaksiyaları necə şərh edirsiniz?

– Reaksiyaları izləyirəm, bu, bizim üçün vacib amildir. Hesab edirəm ki, beynəlxalq qurumların, müxtəlif ölkələrin bəyanatları demək olar ki, standart xarakter daşıyır – sülhə çağırış, danışıqlar masası arxasında əyləşmək və s. Əslində onlar belə çağırışları etməli idilər. Burada qeyri-adi hal yoxdur və gözləmirik də. Bizim üçün daha vacibi bu prosesə ciddi müdaxilə edə biləcək qüvvələrin reaksiyasıdır. İlk növbədə söhbət Ermənistanın hərbi müttəfiqi olan Rusiyadan gedir.

– Azərbaycan ordusunun əməliyyatları artıq üçüncü sutkadır davam edir. Sözsüz ki, Azərbaycanın qonşu dövlətlərinin bu proseslə bağlı yanaşması olduqca əhəmiyyət kəsb edir. Rusiyanın rəsmi və qeyri-rəsmi davranışlarında yeni tendensiya müşahidə olunurmu?

– Rusiya siyasi rəhbərliyi bu günə qədər neytral mövqedə dayanır. Həmçinin siyasi rəhbərliyin mövqeyinə dair Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri tərəfindən çox qısa informasiya verilir. Əlbəttə, bu, maraqlı reaksiyalardır.

Digər tərəfdən, Kremlə yaxın olan ekspertlər “Birinci kanal”, “Rossiya” və NTV kanallarında çıxışlarını izləyir və qiymətləndirirəm. Burada maraqlı mənzərə var. Bəzi verilişlər tamamilə Azərbaycanın haqlı mövqeyini ortaya qoyur. O cümlədən, aparıcı tok-şoularda da belə fikirlər səsləndirilir. Açıq ifadə edilir ki, Azərbaycan öz ərazilərində vuruşur, Azərbaycan torpaqları işğal altındadır və bu, BMT qətnamələrində qeyd edilir. Ermənistan bu torpaqları işğal edib və azad etmək haqqında düşünmür. Odur ki, Azərbaycan haqlı mövqedədir və heç kim burada Ermənistana yardımçı ola bilməz. Çünki burada söhbət Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsindən gedir. Ermənistanın Rusiya ilə imzaladığı ikitərəfli hərbi sazişlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində imzaladığı sənədlər yalnız Ermənistanın öz ərazisinə aiddir. Bu sənədlər Azərbaycan ərazilərinə aid ola bilməz. Mən bu fikirləri son iki gündə əksər rus kanallarında eşitmişəm. Bəzi ermənipərəst ekspertlər və tok-şou aparıcılarının da davranışlarını izlədim. Onlar ermənipərəst mövqelərini ifadə etməklə yanaşı məcburiyyət qarşısında deyirlər ki, beynəlxalq hüquq normaları baxımından hadisələrin baş verdiyi məkan Azərbaycan ərazisidir, Rusiya burada addım ata bilməz.

İkincisi, bütün rus kanallarında Türkiyə amili qabardılır. Bu, həqiqətən də belədir. Əvvəllərdə çıxışım zamanı qeyd etmişəm ki, Qafqazda Türkiyə amili Rusiya amilini neytrallaşdıra biləcək gücə sahib faktordur. Həqiqətən də indi Rusiyanın tanınmış ermənipərəst mütəxəssisləri qeyd edirlər ki, Rusiya bir addım ata bilmir, əl-qolu bağlıdır. Ona görə ki, bura Azərbaycan ərazisidir. Üstəlik Azərbaycanın hakimiyyəti də hər bir ölkə ilə saziş imzalaya bilər. Heç kim bunu qadağan edə bilməz. İndi rus ekspertləri narahatdırlar ki, Türkiyə ordusu da gəlib Qarabağ savaşında iştirak edə bilər. Çünki beynəlxalq hüquq baxımından bunun heç bir qadağası yoxdur. Biz bunu Suriya prosesi ilə müqayisə edə bilərik. Rusiya Suriyada gedən proseslərə niyə müdaxilə etdi? Suriyanın beynəlxalq aləmdə tanınan rəhbərliyi, Bəşər Əsəd artıq ölkənin 10-20 faizinə nəzarət edə bilmirdi. Həmin məqamda Rusiya elan etdi ki, Suriya qanuni hakimiyyəti onunla müqavilə imzalayıb və bu müqaviləyə əsasən ona müraciət edərək hərbi dəstək istəyib. Əlavə edildi ki, biz də qanuni yolla onlara hərbi dəstək veririk. İndi təsəvvür edin ki, döyüşlərin Azərbaycanın ərazisində getdiyini ABŞ, Rusiya və Avropa qəbul edir. Ancaq Azərbaycan Türkiyə ilə müqavilə imzalayıb bu ölkədən dəstək istəsə və Türkiyə də buna müsbət cavab versə, müharibədə iştirak edə bilər. Beynəlxalq hüquq normaları baxımından burada heç bir məhdudiyyət yoxdur. Rusiya isə müdaxilə edə bilməz, çünki bu, Azərbaycan ərazisidir və Azərbaycan hökuməti öz ərazisinə Rusiyanı dəvət etmir. Odur ki, rus ekspertlərini ən çox qorxudan və narahat edən məsələ hadisələrin belə istiqamətdə inkişafıdır. Onlar deyirlər ki, biz müdaxilə etmirik, Türkiyə də etməsin. Bu da əslinə qalsa Azərbaycan diplomatiyasının qələbəsidir. Dünənə qədər ermənilərdə belə fikir formalaşırdı ki, Rusiya həmişə ermənilərin yanındadır, müttəfiq kimi Ermənistanın işğalçı siyasətinə dəstək verir və bundan sonra da verəcək. Ancaq türk amili bura gəldikdən sonra artıq Rusiya tərəfinin ən böyük istəyi odur ki, türk ordusu Qarabağa girməsin. Özləri də ehtiyatla davranırlar ki, bunun üçün bəhanə verməsin.

– Əməliyyatlar başlayan kimi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya zəng etməsi sizcə nədən xəbər verir

– Mən yenidən Dmitri Peskovun verdiyi bəyanata diqqət etməyi vacib sayardım. Məlumdur ki, hərbi əməliyyatlar başlayan kimi Paşinyan dərhal Rusiya Prezidenti Putinə zəng etdi. Paşinyanın Putindən nəyi xahiş etməsi də prinsipcə aydındır. Bu barədə sual Peskova veriləndə qeyd etdi ki, Rusiya rəhbərliyi bu prosesləri izləyir, narahatdır. Azərbaycanla bağlı danışıqların gedib-getməməsi haqda suala cavabında Peskov bildirdi ki, ehtiyac yaransa, Rusiya Prezidenti Azərbaycan Prezidentinə zəng edər. Bu o deməkdir ki, Azərbaycan prezidenti Moskvaya müraciət etməyib. Putin də Azərbaycan Prezidentinə zəng etməyə tələsmir. Bunun da səbəbi aydındır.

– Səbəb nədir?

– İyulda baş verən Tovuz döyüşlərindən sonra məlum oldu ki, Rusiya Qazaxıstan-Türkmənistan-İran vasitəsilə Ermənistana hərbi sursat göndərməyə başlayıb. Bu zaman Azərbaycan Prezidenti Vladimir Putinə zəng etdi və konkret suallar qoydu. Rusiya lideri də müafiə nazirini Bakıya göndərdi ki, gəlib bu suallara cavab versin. Şoyqu da Bakıda elə izahat verdi ki, buna ancaq gülmək olardı. Azərbaycan prezidentinin köməkçisi də bəyan etdi ki, nazir Şoyqunun izahatı bizi qane etmir. Bütün bunlardan sonra Putin Azərbaycan Prezidentinə zəng edib nə haqda danışa bilər? Güman edirəm ki, cənab Putin yalnız bir halda Azərbaycan prezidentinə müraciət edə bilər. Əgər Paşinyan yalvarsa ki, biz torpaqları azad etməyə hazırıq və xahiş edirik bu məsələdə vasitəçilik edin, bu halda Rusiya prezidenti Azərbaycan dövlət başçısı ilə müzakirələri olar, konkret məsələ ətrafında danışa bilərlər. Yox əgər erməni tərəfi işğalı davam etdirmək, torpaqlardan çıxmaq istəmirsə və üstəlik güc və türk amili varsa, bunu hər kəs hesablayır.

– Demək istəyirsiniz ki, Azərbaycan diplomatiyası müəyyən məqsədləri yerinə yetirdikdən sonra topu əsgərlərinmizə ötürüb?

– Ümumiyyətlə, iki vacib məsələ ilə bağlı Azərbaycan diplomatiyasının uğurundan danışmaq olar.

Birincisi, Qarabağ məsələsi yenə də dünyanın diqqət mərkəzindədir. Beynəlxalq təşkilatlar, aparıcı ölkələr başa düşürlər ki, problemi dondurmaq mümkün deyil, ərazilər işğaldan azad olunmayana qədər mübarizə davam edəcək. Ya bu əraziləri Azərbaycan ordusu azad edəcək, ya da beynəlxalq təzyiq altında erməni ordusu ərazidən çıxmalıdır. Bu vacib mövzunun dünyanın gündəminə qayıtması və əsas mövzu olması Azərbaycan diplomatiyasının ciddi uğurudur.

İkinci ciddi uğur isə türk amilinin Cənubi Qafqazda aparıcı hərbi-siyasi amilə çevrilməsi və Rusiyanın da bununla hesablaşmağa məcbur olmasıdır. Fikrimcə, bu da diplomatiyanın ciddi nailiyyətidir.

Şübhəsiz ki, indi əsas nailiyyəti Azərbaycan oğullarından və qəhrəman əsgərlərimizdən gözləyirik. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*