“Tarif Şurasında qərar qəbul edənlərin real vəziyyətdən xəbərləri olsa, bu addımı atmazdılar” – AÇIQLAMAbackend

"Tarif Şurasında qərar qəbul edənlərin real vəziyyətdən xəbərləri olsa, bu addımı atmazdılar" - AÇIQLAMA  

Səhifələrimi izləyənlər görürlər ki, Vətən Müharibəsindən əvvəl, müharibə dövrü və ondan sonra hakimiyyəti var gücümlə dəstəkləməyə çalışmışam. Bunu hakimiyyəti sevdiyimdən yox, Dövlətim, Xalqım üçün etmişəm. Qarabağ və Vətənim ətrafında baş verənlər mənə başqa yol qoymurdu. Bu gün də ölkədə stabilliyin ən vacib şərt olduğunu çox gözəl anlayıram. Ancaq hakimiyyətin müharibədən sonra etdikləri, xüsusən Vətən Müharibəsi iştirakçılarına olan laqeydlik və əhalinin əksəriyyətini təşkil edən kasıb təbəqəyə münasibəti artıq onu müdafiə etmək üçün məni kimilərinə də şans qoymur.

KONKRET.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib.

O, bildirib ki, hakimiyyət hələ də qələbə eyforiyasından ayılıb vətəndaşların real vəziyyətini anlamır, dərk etmir ki, ac insanları istənilən yanlış yola istiqamətləndirmək çox asandır.

“Başa düşürəm ki, bütün dünyada iqtisadi böhrandır, qiymət artımları baş verir, Qarabağda quruculuq işləri üçün maliyyə lazımdır. Ancaq bütün problemləri Vətən Müharibəsində Xalqın şərəfini qorumuş kasıb təbəqənin hesabına həll etmək ədalətsizlik yox, vicdansızlıqdır. Başqalarını demirəm, özüm hər dəfə daxmalarda yaşayan şəhid balalarının dəfnini görəndə hər şəraiti olan evdə yaşamağımdan utanıram. Axı həmin daxmalarda böyüyən balalar canlarından keçdi, Xalqımızı, Dövlətimizi bütün dünyaya şərəfli, mərd, qorxmaz kimi tanıtdılar. İnanmıram ki, xaricdə villaları, biznesləri olanlar həmin daxmalardan balalarını son mənzilə yola salan boynu bükük valideynlərin sifətlərindəki acıları görüb anlasınlar. İnsan olub bu səhnəni görənlər bu torpaqda yaşamalarından peşman olmalıdırlar, hər gün xəcalət çəkməlidirlər” – deyə hüquqşünası əlavə edib.

O, qeyd edib ki, hakimiyyət rəsmilərinin özlərinin etiraf etdikləri yüz milyonları oğurlamış məmurların bu gün də azadlıqda olmaları, əvvəlki dəbdəbəli həyat tərzini davam etdirmələrini ədalətsizlik adlandırmaq da baş verənləri izah etmir.

“Ölkəni talan et, Xalqa, Dövlətə, Vətənə düşmənçilik et, etdiklərin bütün ölkədə yayılsın və yenə özün, balaların yüz minlik maşınlarda gəz, milyonluq villalarda yaşa, xaricdə əmlakların, biznesin, bəzilərinin balaları yenə də yüksək dövlət vəzifələrində olsun. Vallah, Billah bunu heç nə ilə izah etmək olmaz. Normal ağıl qiymət artımlarını həyata keçirənlərin hakimiyyət mənsubları olduğuna inanmır, çünki bunu ancaq xalqı üsyana qaldırmaq, hakimiyyəti devirmək istəyənlər edə bilər. Axı heç olmasa bir özünü qorumaq instinkti olmalıdır. Bu vəziyyətdə də hakimiyyətin yala baxanları hər dəfə qiymət artımına bir don geyindirmək istəyirlər. Bir ağlı başında olan insan mənə izah etsin ki, bu ilin noyabrında baş verəcək qiymət artımı hələ gələn ildə baş verəcək maaş artımı ilə necə təsirsiz olacaq. Axı məhz bu təbəqə bu gündən sabaha çörək axtarışındadır. Maaş artımı isə hələ gələn ilin nə vaxtı olacağı da bəlli deyil. Hələ bəziləri «əşşi 3-5 qəpiklə nə olasıdır?» deyirlər. Bunu deyənlər ya yal güdənlərdir, yaxud insanların real vəziyyətindən xəbərləri yoxdur”.

Aslan İsmayılovun sözlərinə görə, əgər Tarif Şurasında qərar qəbul edənlərin, yaxud onlara göstəriş verənlərin insanların real vəziyyətindən xəbərləri olsa bu addımı atmazdılar.

“Başqa bir fikir də ola bilər. İnsanları son nəfəsinə qədər sınağa çəkib, səbr kasaları daşıb küçələrə tökülənə qədər qiymətləri qaldırıb artıq ayağa qalxanda endirmək. Bu da faciəli bir yoldur. İnsanlar bir dəfə qalxandan sonra onları sakitləşdirmək mümkün olmayacaq və ölkə xaosa sürüklənəcək. Əmin olun ki, həm ölkə içində, həm də xaricində bu məqamı çoxları gözləyir. Ən əsası isə odur ki, maaş artımı iş yeri, maaşları olanlara aiddir. Bəs əhalinin əksəriyyətini təşkil edən heç bir iş yerində qeydiyyatda olmayıb rəsmi maaş almayanlar, günəmuzd işləyənlər nə etməlidir? Belələri isə yüz minlər yox, milyonlardır. Neft, qaz ölkəsi olduğumuzdan dünyada bu malların bahalaşmasına çox sevinirdim ki, bundan istifadə edib elə bu kasıb təbəqənin yaşayış vəziyyətini yaxşılaşdıracaqlar. Amma tam əksi baş verdi”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*