backend

"Təhlükəsizlik naminə" təhlükəli oyun - Qabil Hüseynli Brüssel görüşünün əsl məqsədlərindən DANIŞDI

Sözdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, Güney Qafqazda sülhün bərqərar olması tərəfdarı olduğunu iddia edən kollektiv Qərbin qonşu ölkənin “təhlükəsizliyinin” qayğısına qalmaq məqsədilə Brüsseldə baş nazir Nikol Paşinyanla ayrıca görüş təşkil etməsi birmənalı qarşılanmır.

Əlbəttə, kollektiv Qərbin Ermənistanı təcavüzkar Rusiyanın cəngindən qoparmaq, Güney Qafqazı Kremlin təsirindən çıxarmaq istəyi başadüşüləndir. Bu, sovet imperiyasının cəngindən qurtulmuş yeni müstəqil dövlətlərin çoxdankı arzusudur.

Amma Brüssel görüşünün əleyhinə çıxış edən Rusiyanı qoyuruq, bir kənara. Çünki dünyanın jandarmı olmaq istəyən, uzun illər Ermənistanı ölkəmiz əleyhinə istifadə edən Rusiyanın öz slavyan qardaşlarına olan qanlı münasibəti ortadadır.   

Sadəcə, kollektiv Qərbin işğalçı, terrorçu siyasəti ilə Rusiyadan heç nə ilə fərqlənməyən, Moskvanın forpostu olan, İranın “düdüyü” altında hərəkət edən Ermənistana “böyük sevgisi”, onun “təhlükəsizliyi”nin qayğısına qalmaq bəhanəsi tamamilə anlaşılmazdır.

Digər tərəfdən, buna təəccüblənmirik də. Rusiyanın Ukraynaya hücüm edəcəyini bilə-bilə ABŞ başda olmaqla, kollektiv Qərbin bu dağıdıcı müharibənin qarşısını almaması demokratik düşüncəli insanları rəncidə etməyə bilməz. Müharibənin bütün Avropaya sıçramaması naminə ukraynalıların misli görünməmiş fədakarlıq göstərmələri fonunda Qərbin  “Ukrayna Rusiyanın neft sənayesini vurmamalıdır”, “NATO əsgərləri Ukraynada döyüşməyəcək”, “Ukraynanı NATO-ya qəbul edə bilmərik” kimi bəyanatları Rusiyanın daha da azğınlaşması, ukraynalıların xeyli tələfat verməsi və işğal olunmuş ərazilərinin əhatə dairəsinin genişlənməsi ilə nəticələnməkdədir.

Anlaşılmayan daha bir məsələ var. Kollektiv Qərbin strateji tərəfdaşı olan Azərbaycan təkbaşına və beynəlxalq hüquq çərçivəsində torpaqlarını Ermənistanın işğalından azad etdikdən və bütün dünyaya erməni faşizminin və vandalizminin fəsadlarını nümayiş etdirdikdən sonra həmin dairələrin ölkəmizə olan münasibəti, ümumiyyətlə, dözülməz səviyyəyə çatıb. Brüssel görüşü isə bu münasibəti daha da gərginləşdirə bilər.

Politoloq Qabil Hüseynli KONKRET.aza açıqlamasında deyib ki, Qərb “təhlükəsizlik naminə” təhlükəli oyunlar qurmağı düşünür.  

Onun sözlərinə görə, aprelin 5-də Brüsseldə keçiriləcək görüş Güney Qafqazda sabitliyə yox, daha da narahat bir dövrə qədəm qoyulmasına xidmət edir:

“ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan guya Ermənistanın təhlükəsizliyi paktını imzalayacaq, Ermənistanın gələcək inkişafının qayğısına qalacaqlar. Halbuki uzun illər Ermənistan bölgə üçün ciddi təhlükə mənbəyi olub. Azərbaycan torpaqları 30 il onların işğalı altında olub. Bu gün sülh müqaviləsinin imzalanmamasının əsas günahkarı onlardır. Azərbaycan Qərbin bu fintəkar hərəkətini qətiyyətlə pisləyir və lazım gəlsə, bütün müvafiq addımlardan istifadə etməyi nəzərdə tutur”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*