“Türkiyənin pilotsuz uçan aparatlarının (PUA) ən təsirli müasir silah olduğuna kimisə inandırmağa ehtiyac yoxdur. Hər kəs bunu Suriyada, Liviyada və son zamanlar Dağlıq Qarabağda gördü”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Andrey Taran deyib.
Nazir türk dronlarının sözügedən bölgələrdəki savaşlarda bundan istifadə edən orduların xeyrinə dönüş yaratdığını bildirib.
Taran Ukrayna Prezidenti Vladimir Zelenskinin təlimatına uyğun olaraq, ordunu modernləşdirmək üçün Silahlı Qüvvələrin inventarına türk dronlarının əlavə ediləcəyini söyləyib:
“Bu dronlar sərfəlidir. Mən və prezidentimiz aldığımız türk “Bayraktar”larının yüksək səmərəliliyinin şahidi olduq. Ukraynada birgə istehsal etmək istəyirik. Ukrayna öz texnologiyalarını türk şirkətləri ilə bölüşə bilər, bu, hər kəsin ümumi rifahı üçün olan bir layihədir”.
O, iki ölkənin Qara və Azov dənizlərində təhlükəsizliyin təmin olunması prosesində əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb.
Taran, eyni zamanda, Krım məsələsində Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə minnətdar olduqlarını bildirib.
Müdafiə naziri Hulusi Akarla yaxşı əlaqələrinin olduğunu söyləyən Taran qeyd edib: “Bir dəfə onunla Kiyevdə, bir dəfə də Prezident Zelenskinin səfəri zamanı İstanbulda görüşmüşük və dialoqa davam edəcəyik”.
Taran hesab edir ki, Türkiyə Ukraynanın NATO-ya üzv olmasına kömək edə bilər.
Ukrayna müdafiə naziri bu gün Kiyevdə səfərdə olan türk həmkarı Hulusi Akarla görüşəcək.
