Yeni Füzuli şəhəri bu üstünlükləri ilə SEÇİLƏCƏK – Möhtəşəm FOTOLARbackend

Yeni Füzuli şəhəri bu üstünlükləri ilə SEÇİLƏCƏK - MÖHTƏŞƏM FOTOLAR

Azərbaycan Prezidenti tərəfindən Qarabağın Hava Qapısı elan Füzuli şəhəri yenidən canlanacaq. Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib.

Bəs Yeni Füzuli şəhəri necə olacaq?

Millət vəkili bildirib ki, yeni Füzuli işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq: “Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq. Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada və velosiped yolları 85 kilometr təşkil edəcək. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov əlavə edib ki, artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub: “17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqdan ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək”

Millət vəkilinin fikrincə, qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq: “Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan yurdlarına qayıdacaqlar. Beləliklə işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*