44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin yaratdığı YENİ REALLIQLAR  backend

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin yaratdığı YENİ REALLIQLAR  

Azərbaycanın dövlətçilik tarixində 2020-ci ilin özəl yeri var. Əgər Tovuz hadisələri ölkəmizin müstəqilliyinə təhdidin nə qədər ciddi olduğunu göstərdisə, sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi suverenliyimizin keşiyində qətiyyətlə durduğumuzun sübutu oldu.

6 həftə ərzində bütün dünya gördü ki, Müzəffər Ali Baş Komandan və qəhrəman ordumuz erməni faşizmini beşiyində boğmağa qadirdir.

Həmin şərəfli günlərdə istər xalqımız, istərsə də dünya ictimaiyyəti sanki Prezident İlham Əliyevi yenidən kəşf edirdi. Bütün Azərbaycan hər gün televiziyanın önündə öz Müzəffər Ali Baş Komandanın müjdəli xəbərlərlə dolu müraciətini gözləyir və ya xarici KİV-lərə müsahibələrini diqqətlə dinləyirdi. Dövlət başçımız tərəfindən Azərbaycanın ədalətli mövqeyi hər bir vətəndaşımıza və dünyaya elə əlçatan şəkildə çatdırılırdı ki, hətta Fransa, Rusiya, İran kimi havadarlar belə qəsbkar Ermənistanın müdafiəsinə qalxmaq üçün arqument tapa bilmirdilər. Onların “etnik təmizləmə”, “soyqırım”, “qeyri-adekvat güc tətbiq etmək” kimi bəhanələri BMT divarlarına çırpılıb, çilik-çilik olurdu.

Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən hərbi əməliyyatlarında Azərbaycanın pilotsuz uçuş aparatlarından səmərəli istifadəsi, Şuşanın əlbəyaxa döyüşdə erməni faşistlərindən azad edilməsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi çevrələrini valeh etmişdi. Bunu ABŞ-də keçirilən müzakirələr də sübut edirdi.

Prezident İlham Əliyevin Ağdamın, Kəlbəcərin və Laçının qan tökülmədən azad edilməsinə nail olması inanılmaz qələbə idi. Müharibə dövründə səsini çıxarmağa çəkinən radikal müxalifətin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməsini tənqid etmək cəhdləri, Rusiyanın, Fransanın və İranın məkrli oyunları bu qələbəyə xələl gətirə bilmədi.

“Tutaq ki, hakimiyyət həmin gün sizin əlinizdədir. Siz nə edərdiniz?” sualına Əli Kərimlinin “Mən Putinə deyərdim ki, Türkiyə və parlamentlə məsləhətləşməyim üçün vaxt lazımdır. Özüm isə müdafiə nazirini çağırıb iki gün ərzində Xankəndiyə girməyi tapşırardım” tərzində uşaqcasına cavab verməsi Prezident İlham Əliyevin çox düzgün qərar verdiyini göstərirdi.

Bu, müharibədən sonra Ermənistan diversantlarının Azərbaycan ərazilərində yaxalanması, ən əsası isə 19–20 sentyabr 2023-cü ildə keçirilmiş antiterror tədbirləri zamanı tamamilə öz təsdiqini tapdı. Azərbaycan hakimiyyətinin xüsusi məharətlə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi, çox sivil şəkildə ermənilərin Qarabağdan köçməsinə əngəl olmaması, köç təşəbbüsünün erməni separatçıları tərəfindən edilməsi ölkəmizi nsaxta etnik təmizləmə ittihamlarına tuş gəlmək ehtimalını sıfıra endirdi.

Ermənistanın işğal illərində Azərbaycan torpaqlarını viran qoyması, təkcə millətimizə deyil, daş-torpağımıza belə divan tutması, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın daşını daş üstündə qoymaması, Kəlbəcərdən, Laçından çıxarılarkən ermənilərin evlərə, meşələrə od vurması, apara bilmədikləri heyvanları məhv etməsi,  tarixi, mədəni, dini abidələrimizi, məzarlıqları dağıtması bu qəsbkar ölkənin və xalqın əzabkeş imicini yerlə-yeksan etdi. Azərbaycan Prezidentinin təbirincə desək, xalqımız dünyanı erməni fazimindən xılas etdi.

Amma, təəssüflər olsun ki, Azərbaycan dövləti Ermənistan tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətləri israrla beynəlxalq ictimaiyyətə çatdırsa da, dünya birliyi ermənilərin törətdikləri Xocalı soyqırımına və vandalizm aktlarına susmaqda davam edirlər. Əgər bizim başımıza gətirilənlərə ermənilər məruz qalsaydı, dünya birliyi “günümüzü göy əskiyə bükərdi”.

Hələlik isə Beynəlxalq Ədalət Məhkəməsi Ukraynadakı hərbi cinayətlərə görə Rusiyanın iki zabiti barədə həbs qərarı verib.

Azərbaycan isə özü təkbaşına ölkəmizə qarşı hərbi cinayətlər törətmiş saakyanları, qukasyanları, arutyunyanları həbs edə bilib. İnanırıq ki, Serj Sarqsyan və Robert Koçaryan da Azərbaycanın ədalət mühakiməsindən qurtula bilməyəcəklər.

Çünki ilahi və tarixi ədalət Azərbaycanın tərəfindədir.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*