ABŞ Konqresi Ukraynada Starlink peyk rabitəsi xidmətinin fəaliyyətinin zəiflədilməsində Ağ Evin mümkün rolunu araşdırmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluq əldə edəcək Demokratlar Partiyasından olan senatorlar “SpaceX” şirkətinin rəhbəri İlon Maskdan Ukraynada “Starlink” və onun hərbi versiyası olan “Starshield” xidmətlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı bütün sənədləri qoruyub saxlamağı tələb ediblər.
Məlumata əsasən, demokratlar Donald Tramp administrasiyasının Ukraynadakı müharibə ilə bağlı fəaliyyətini araşdırmaq üçün bir sıra təhqiqatlara başlamağı planlaşdırırlar.
Demokrat konqresmenlər Maskla ünvanladıqları məktubda peyk rabitəsi xidmətlərinin Ukraynada fəaliyyətinin zəiflədilməsinin “SpaceX” şirkətinin milli təhlükəsizlik baxımından mühüm kommunikasiya kanalları üzərində nəzarəti ilə bağlı ciddi suallar doğurduğunu bildiriblər. Onlar qərarların qəbul edilməsi prosesinin qeyri-şəffaf olmasını da tənqid edərək, məhdudiyyətlərin tətbiqinə “SpaceX”dən kənarda hər hansı bir şəxsin göstəriş verib-vermədiyinin açıqlanmasını istəyiblər.
Qanunvericilər Maskdan sentyabrın 1-dən etibarən şirkətdə toplanmış sənədlərin əhəmiyyətli hissəsini təqdim etməyi tələb edirlər. Bu sənədlərə Ukraynada “Starlink” və “Starshield” xidmətləri ilə bağlı bütün yazışmalar, eləcə də İlon Mask, “SpaceX” rəhbərliyi, Ağ Ev və Pentaqon arasında aparılmış kommunikasiya daxil edilməlidir.
Senatorlar şirkətdən tələblərin yerinə yetirildiyini təsdiqləməyi və nəzarət səlahiyyətləri çərçivəsində ünvanlanan konkret sualları noyabrın 30-dək cavablandırmağı istəyiblər.
Beləliklə, ABŞ-da Ukrayna müharibəsi ilə bağlı Tramp administrasiyasının qərarlarına siyasi nəzarətin gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanacağı gözlənilir.
Natiq Səlim,
KONKRET.az
