Növbədənkənar parlament seçkilərinin keçirilməsinə 9 gün qaldı. Namizədlərin təbliğat-təşviqat kampaniyası isə davam edir. Bu mərhələdə namizədlər seçicilərlə görüşür, əsas məqsədlərini açıqlayır, platformalarını təqdim edirlər. Hərəsi bir tərzdə, bir üslubda…
Gecəsini gündüzünə qatanlar da var, şəklini sosial şəbəkədə yeni yaratdığı səhifəyə yükləyib, reklama qoymaqla təbliğat-təşviqat işini “Facebook” rəhbərliyinin üzərinə atanlar da, işini nənə əli öpməklə bitirənlər də.
Bu “nənəöpmə yarışı” ərəfəsində bəzi namizədlərin gündə bir şey “yaratdığını” görüb, biz də boş dayanmadıq.
Düşündük ki, “BakuPost” saytında “Cavab səndə” adlı yeni sorğu rubrikası yaratsaq, xeyli maraqlı alınar. Çünki cəmiyyət olaraq cavabını tapmaq üçün dəridən-qabıqdan çıxdığımız xeyli suallar var. Sorğu həftədə bir dəfə keçiriləcək. Maraqlı cavablar axtaracağıq.
İlk sorğu mövzumuz təbliğat-təşviqat mərhələsinin gedişatı ilə bağlıdır. Görək fikirlərinə hörmətlə yanaşdığımız insanlar bu barədə nə düşünürlər.
Sual: Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasını necə görmək istəyərdiniz? Hazırki gedişatdan razısınızmı? Sizcə, namizədlər nəyi doğru, nəyi yanlış edirlər?
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu gedişatdan narazıdır:

“Mən seçkilərdə nə seçən, nə də seçilən kimi iştirak etmirəm. Sadəcə kənardan müşahidələrim göstərir ki, bir çox namizədlərin təbliğat-təşviqat kampaniyası yalnız sosial şəbəkə üzərində qurulub. Bu komponentlərdən biri olduğu halda əsas və yeganə təbliğat vasitəsinə çevirilib. Odur ki, belə namizədlərin uğur qazanacağına inanmıram. Hesab edirəm ki, namizədlər qapı-qapı, məhəllə-məhəllə, kəndbəkənd gəzməli, sosial şəbəkələrdən isə kollektiv görüşləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün informasiya çatdırmaq vasitəsi kimi istifadə etməlidirlər.
Onlara məsləhətim budur ki, seçicilərlə birbaşa təmas qursunlar, onlarla ünsiyyətə girib, onları üzbəüz dinləsinlər. İrad tutulası digər məqam da platformaların azlığı və bir-birini təkrarlaması ilə bağlıdır. Demək olar ki, əksəriyyəti uşaq pulunun bərpası, pensiya yaşının aşağı salınması, pensiyaların, sosial müavinətlərin və maaşların artması ilə bağlı vədlər verirlər. Halbuki bu şeylərə onların qətiyyən gücü çatmaz. Regionun, bölgənin, kəndin, fərdin problemlərinə fokuslanma yoxdur. Odur ki, gedişatdan narazıyam”.
Tanınmış jurnalist Elçin Alıoğlu isə düşünür ki, əksər namizədlərin siyasi innovativ səviyyəsi yox dərəcəsindədir:

“Deputatlığa namizədlərin indiki kampaniyaları, yəni təşviqatları və təbliğatları əfsuslar olsun ki, klassik kanonlar üzrədir. Yeniliklər, siyasi innovasiyalar və sosial təşəbbüslər faktiki olaraq, yox səviyyəsindədir. Təbii ki, gedişatdan razı deyiləm. Ştamplar, klişelər, bədii-semantik ruhlu sloqanlar, olmayan kollektiv şüura hesablanmış çağırışlar, bəsit eqosentrist ibarəli təriflər, platformaların azlığı, seçicilərlə işin ötən əsrin ortalarındakı mexanika üzrə aparılması və s.
Namizədlərin total əksəriyyəti yalnız bir məqamı doğru edirlər – namizəd olduqlarını anlayırlar və nə isə etməyə çalışırlar. Yerdə qalanlar səs istəyərək küy yaradırlar”.
Yazıçı-publisist, tanınmış jurnalist İlqar Rəsulun fikrincə, namizədlərin əksəriyyəti müasir dövrlə uyğunlaşmayan üsullardan istifadə edir:

“Kampaniyada yeni çalarlar, kreativlik yox dərəcəsindədi. Cavanlı-qocalı, demək olar ki, namizədlərin hamısı klassik, zəmanə ilə o qədər də ayaqlaşmayan üsullardan istifadə edirlər. Bəzi istisnaları nəzərə almasaq, hamı publika qarşısında təxminən eyni jestləri edir, şəkillər, plakatlar monotondu. Kimsə başqa bir istedadını nümayiş etdirsin (bəlkə taxta gitara çalmaq, çox maraqlı bir nitq söyləmək, yaxud daha nələrsə), belə bir şeyin şahidi olmuruq. Hamı birbaşa deputat geyimində çıxır ortalığa sanki.
Bunun da yəqin ki, əsas səbəblərindən biri namizədlərin öz komandalarına yeni düşüncəli, istedadlı, maraqlı ideyalar verən adamları cəlb etməmələridir.
Məncə, təbliğat-təşviqat işi üçün maraqlı üsullar olmamış deyil. Sadəcə olaraq bu üsulları bilən, yaxud axtarıb tapan və həyata keçirməyi bacaran insanlar cəlb etmək lazımdı komandaya. Namizədlərdən yeni nəsil, yəni kimlər ki, bunu bilirlər, yəqin ki, onların maliyyə imkanları əl vermir belə bir komanda yaratmağa.
Görünür, yaşlı nəslin həvəsi, pullu zümrəninsə marağı yoxdu fərqlilik barədə düşünməyə. Namizədlərin bir çoxunun ən böyük yanlışı isə odur ki, onlar öz imkanlarını düzgün qiymətləndirmirlər. Yəni onlar Parlamentin, millət vəkili anlayışının nə olduğunu dərindən bilsələr, məsuliyyətini dərk etsələr, yəqin ki, namizəd olmazdılar. Ancaq buna görə onları qınamaq da düz deyil. Çünki Milli Məclisin indiyə qədərki tərkibində elə deputatlar olub ki, onların intellektinin, dünyagörüşünün səviyyəsi hamıda “mən də deputat ola bilərəm” düşüncəsi formalaşdırıb. Ancaq onu da deyim ki, yaxşı mütəxəssislər, savadlı, bacarıqlı, parlamentin işinə və bütövlükdə məmləkətin rifahına töhfə verə biləcək insanlar da az deyil namizədlər arasında.
Ümumən götürəndə, hazırkı gedişatdan nə razı, nə də narazıyam. Çünki bu prosesin cəmiyyətə nəsə ciddi bir yenilik vəd etdiyini düşünmürəm. Ancaq bəzi namizədlərin primitiv davranışı prosesə pozitiv rəng qatır. Bu maraqlıdır”.
Jurnalist İlkin İzzət bildirib ki, bəzi namizədlər hələ də sovet qanunları və təfəkkürü ilə hərəkət edirlər:

“Budəfəki təbliğat-təşviqat kampaniyası əvvəlki parlament seçkiləri dövründəkindən nisbətən fərqlənir.
Əvvəla, budəfəki seçkilərdə namizədlərin sayı çoxdur, ən azında son parlament seçkilərindəkindən təxminən 2 dəfə. Say çoxluğu əsasən namizədlərin budəfəki seçkilərin əvvəlkilərə nisbətən daha demokratik və şəffaf keçirilməsinə yaranmış ümiddən irəli gəlir. Say çoxluğu namizədlər arasında rəqabəti artırır və mübarizəni gücləndirir. Bu isə təbliğat-təşviqat kampaniyasının gedişini daha dinamik və maraqlı edir.
Sevindirici məqam odur ki, digər seçkilərdə iştirak etmiş və hətta mandat qazanaraq deputat olmuş namizədlər əvvəlkilərə nisbətən bu kampaniya dövründə daha fəaldırlar, seçicilərlə çoxsaylı görüşlər keçirir, müasir piar texnologiyalarından istifadə edərək seçicilərin seçiminə təsir göstərməyə çalışırlar.
Məyusedici məqam isə odur ki, bəziləri ənənəvi metodlardan kənara çıxa bilmirlər. Onların hələ də xəbəri yoxdur ki, Lenin çoxdan ölüb. Onlar hələ də sovet qanunları və təfəkkürü ilə hərəkət edirlər. Bəzilərinin isə kampaniyada varlığı ilə yoxluğu bilinmir. Bu onlardan bəzilərinin bu işi apara bilməməsindən irəli gəlirsə, digərləri elə bil nəyəsə arxayındırlar. Sanki onlara kimsə deyib ki, özünə çox əziyyət vermə, onsuz da deputat “seçiləcəksən”.
Kampaniya dövründə xüsusən gənclərin və xanımların çoxluğu da diqqətdən qaçmır. Xüsusən gənclər daha çox zamanın nəbzini tutmağa çalışır, daha həvəsli və enerjili davranırlar.
eputatlığa namizədlərin seçicilərlə görüşlərində, söhbətlərində sərgilədikləri davranışları da diqqətçəkən məqamlardandır. Elə namizədlər, xüsusən daha öncə deputat olanla var ki, əvvəllər seçiciləri ilə daim görüşüb, onların problemləri, dərd-sərləri ilə yaxından maraqlanıblar. Lakin elələri də var ki, bu cür davranışlar imitasiya xarakteri daşıyır. Bu üzdən də xalqda, insanlarda qıcıq doğurur.
Təəssüf ki, bəziləri yenə ənənəvi “satınalma” üsullarına əl atırlar. Bu üsul artıq səmərəliliyini itirmək üzrədir. Çünki seçicilərin bir qismi buna aldansa da, çoxu 5 illik səsini birgünlük qazanca satmağa razı deyillər.
Bəzi namizədlərin isə açıq-aydın tam savadsız olduğu üzə çıxır. Onlardan bəziləri nə sağçı, solçu, mərkəzçi olduğunu bilir, nə seçki platformasından, nə ölkədə və dünyada gedən sosial-iqtisadi, ictimai-siyasi proseslərdən, nə deputatlığın əsl hüquq və vəzifələrindən, nə xalqın sadəcə istək, arzu və maraqlarından anlayışı var, nə də bunları ört-basdır edə biləcək piar üsul və texnologiyalarından. Elə namizədlər var ki, onlar deputatın vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğunu ümumiyyətlə anlamırlar. Elə bu səbəbdən də seçicilərə pafoslu vədlər verir, deputatdan çox hansısa nazirin səlahiyyətlərinə aid olan işlər görəcəyini deyirlər.
Bəziləri diqqəti öz kampaniyasının aparılmasına, təbliğat və piarına yönəldib, bununla effektivliyə nail olmaqdansa, yenə də rəqibləri “vurma”, “qara piar” və kompramat davasına üstünlük verirlər. Əslində seçki kampaniyaları dövründə son sadaladıqlarımın baş verməsi də normal hal hesab edilir və namizədlər buna daim hazır olmalıdırlar. Lakin bunu edən namizədlər bu üsullara alternativ kimi baxmalı, onları əsas xətt seçməməlidirlər.
Sevindirici məqamlardan biri odur ki, təbliğat-təşviqat kampaniyası dövründə komandalar formalaşmağa başlayıb. Onlardan bəzilərini hətta artıq peşəkar da adlandırmaq olar. Təkbaşına və ya pərakəndə deyil, komanda şəklində görülən işlər daha təsirli və səmərəli olur.
Eyni zamanda, bir sıra namizədlərin ənənəvi şablon vədlərlə yanaşı, konkret layihələrlə çıxış etmələri onlara üstünlük qazandırır.
Cəmiyyətdə belə bir fikir yaranıb ki, bəzi namizədlər seçkilərə sonradan geri çəkilərək tərəfdarlarının səsini satmaq üçün qatılıblar. Bunun nə dərəcədə belə olub-olmadığını konkret heç kim təsdiq və ya sübut edə bilmir. Lakin belə hallar varsa da, bu, əxlaq baxımından ikrah hissi doğursa da, siyasi texnologiyalar və dünyada mövcud təcrübə baxımından təəccüblü görünmür. Məncə, “hər yerindən duran namizədliyini verib” deyənlər də o qədər haqlı deyillər. Çünki onların “hər yerindən duran” adlandırdıqları Azərbaycan vətəndaşlarıdır və konstitusiyaya görə seçmək və seçilmək haqları, o cümlədən də ölkədə keçirilən seçkilərdə namizədliyini irəli sürmək hüquqları var. Ümumilikdə, 2020-ci il parlament seçkilərini Azərbaycanda demokratiyanın inkişafı yolunda mühüm addımlardan biri hesab etmək olar. Əgər xalqın gözləntisi doğru çıxsa, o zaman Azərbaycanın nüfuzu dünyada xeyli artacaq”.
Məşhur pediatr Vaqif Qarayev peşəkar şəxsləri deputat olaraq görmək istədiyini vurğulayıb:

“Bizdə belə siyasi kampaniyalara total inamsızlıq var. Mən də inanmıram. Amma deyirlər, dəyişikliklər olacaq, yəni seçicinin rəyinə hörmətlə yanaşacaqlar. Olacaqsa, bir sıra gənc, sahəsinin peşəkarı olan namizədləri parlamentdə görmək istərdim. Onların arasında həmkarlarım da var”.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə sualı belə cavabladı:
“Bunları bilsəm mən də namizədliyimi verərdim”.

