Noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılırdı. Amma Azərbaycan həmin görüşdə iştirakdan imtina edib.
KONKRET.az xəbər verir ki, politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın Vaşinqton görüşündən imtina etməsi ABŞ-ın ermənipərəst mövqeyi ilə bağlıdır: “ABŞ-ın niyyəti Qarabağdan könüllü köç edən erməniləri geri qaytarmaqdır. Üstəlik, həmin erməni əhalisinə Qarabağda yaşamaq üçün beynəlxalq nəzarət sistemini təşkil etmək istəyir. Onlar həm də Azərbaycanda insan haqları və azadlıqları, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən iradlar da irəli sürüb. Həmin iradlar geniş açıqlanmasa da, o da nəzərə çatdırılır”.
Daha sonra Ermənistanın Rusiya ilə münasibətlərinə toxunan politoloq qeyd edib ki, Ermənistan hələ ki KTMT-dən ayrılmaq fikrində deyil: “Sadəcə Ermənistan öz oyununu oynayır. Rusiyanın iştirakıyla keçirilən iclasları boykot edir və bununla Qərbə müəyyən mesajlar verir. Eyni zamanda onu da bilir ki, əgər birdən-birə Rusiyanın patronajlığı altındakı təşkilatları tərk etsə, ciddi problemlərlə qarşılaşa bilər. Amma Ermənistan Rusiyadan birdəfəlik qopmaq istəyir. İndi hələlik ermənilər ruslarla aralarında olan körpüləri yandırmaqla məşğuldurlar. Bunun da çox böyük riskləri var. Bu risklərin Ermənistan üçün ciddi fəsadları ola bilər. Ermənistan bunu gözünə alır, amma Qərb ölkələri qoltuğunun altına qarpız verir ki, arxanda dayanmışıq, bütün məsələlərdə kömək edəcəyik. Böyük ehtimalla Gürcüstan və Ukrayna hadisələri Ermənistanda da təkrarlanacaq. Bütün proseslər ona doğru gedir”.
Vəli Həsənov,
KONKRET.az