Gürcüstandan sonra Azərbaycan da Aİ üzvü ola bilərmi? –AÇIQLAMAbackend

Gürcüstandan sonra Azərbaycan da Aİ üzvü ola bilərmi? – AÇIQLAMA

Ukraynadan sonra Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlük prosesində ilk addım atıldı. Belə ki, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Moldova xarici işlər naziri Niku Popesku və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə Aİ-yə üzvlük müraciəti etmək üçün giriş anketini verdiyini açıqlayıb.

Maraqlıdır, Azərbaycanın Aİ-yə üzvlük məsələsi nə dərəcədə realdır? Qonşu ölkədən sonra Azərbaycan da bu ittifaqa üzv ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi bir müddət çəkəcək:

“Fikrimcə, bu üzvlük ən azı iki-üç il sonra reallaşa bilər. Lakin Azərbaycanın indiki şərtlər daxilində bu ittifaqa üzv olması real görünmür. Aİ-yə üzv olmaq üçün ilk növbədə rüşvətin kökü tamamilə kəsilməlidir. Təəssüf ki, Azərbaycanda bəzi məmurlar hələ də rüşvət almaqdan qorxmur. Bu istiqamətdə bəzi işlər görülür. Lakin belə bir təşkilata üzv olmaq istəyiriksə, korrupsiya hallarının qarşısı tam alınmalıdır. Həmçinin, məhkəmə sistemi müstəqil olmalıdır. Bizdə məhkəmə sahəsində çoxsaylı problemlər var. Avropa İttifaqı belə halları qəbuledilməz sayır”.

Politoloq bildirib ki, Avropada qanunların aliliyi hər şeydən önəmlidir:

“Əslində Gürcüstanda da vəziyyət bizdən çox fərqli deyil. Sui-istifadə halları orada da geniş yayılıb. Əslində Gürcüstan Aİ üzvlüyünə hələlik hazır deyil. Çünki Gürcüstan cəmiyyətində də qüsurlar çoxdur. Mixail Saakaşvilinin dövründən sonra bəzi irəliləyişlər əldə olundu. Təəssüf ki, hazırda Cənubi Qafqazda ümumi vəziyyət yaxşı deyil”.

Şəbnəm Mehdizadə,
KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*