Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı dövlətlərin iqtisadi və sosial tərəqqisini, qlobal rəqabət qabiliyyətini və rəqəmsal müstəqilliyini müəyyən edən əsas amillərdən birinə çevrilib. İnformasiya texnologiyalarının təsir dairəsi artıq yalnız rabitə və informasiya mübadiləsi ilə məhdudlaşmır. Dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə, nəqliyyatdan təhlükəsizliyə qədər ictimai həyatın demək olar ki, bütün sahələrində rəqəmsal həllərdən istifadə olunur.
Azərbaycan da son illərdə İKT və rəqəmsallaşma istiqamətində mühüm addımlar atıb. Ölkədə elektron xidmətlərin genişləndirilməsi, internet infrastrukturunun inkişaf etdirilməsi, elektron imza və rəqəmsal xidmətlərin tətbiqi, dövlət idarəçiliyində informasiya sistemlərindən istifadənin artırılması bu prosesin əsas istiqamətlərindəndir.
Azərbaycanın informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin əsasını ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, eləcə də Prezident İlham Əliyevin imzaladığı müxtəlif dövlət proqramları və inkişaf konsepsiyaları təşkil edir. Bu sənədlər ölkədə İKT infrastrukturunun yaradılması, əhalinin informasiya texnologiyalarına çıxışının genişləndirilməsi və rəqəmsal xidmətlərin inkişafı baxımından mühüm rol oynayıb.
“Elektron hökumət” konsepsiyasının inkişafı isə dövlət-vətəndaş münasibətlərində yeni mərhələ yaradıb. Dövlət xidmətlərinin elektron formada təqdim olunması vətəndaşların vaxt itkisinin və bürokratik prosedurların azalmasına, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verir.
Bununla belə, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi indiki mərhələdə mövcud imkanların daha da genişləndirilməsi və yeni texnologiyaların tətbiqi zəruridir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi müasir dövrdə hər bir ölkənin qlobal rəqabət qabiliyyətini və rəqəmsal suverenliyini müəyyən edən strateji amildir.

Ekspertin sözlərinə görə, bu sahədə davamlı tərəqqiyə nail olmaq üçün ilk növbədə genişzolaqlı internet şəbəkəsinin, xüsusilə optik-lif və 5G texnologiyalarının regional əhatəliliyi artırılmalı, kritik kiberinfrastrukturun təhlükəsizliyi gücləndirilməli və İT mütəxəssislərinin hazırlanmasına yönəlmiş təhsil imkanları genişləndirilməlidir.
E.Abbasov qeyd edib ki, süni intellekt, bulud texnologiyaları və böyük verilənlər (Big Data) kimi qabaqcıl texnologiyaların tətbiqini təşviq edən çevik hüquqi-tənzimləmə mühiti formalaşdırılmalı, rəqəmsal startapların inkişafına vergi və investisiya mexanizmləri ilə dəstək verilməlidir.
Ekspert İKT-nin təhsil sektorunda da ciddi dəyişikliklər yaratdığını vurğulayıb:
“İnteraktiv təlim platformaları, süni intellekt əsaslı fərdiləşdirilmiş təhsil modelləri və distant təhsil imkanları biliklərə çıxışı kütləviləşdirir, regional və sosial bərabərsizliyi aradan qaldırır. Məktəb və universitetlərdə STEM – elm, texnologiya, mühəndislik və riyaziyyat – təhsilinin, proqramlaşdırma və kibergigiyena vərdişlərinin erkən yaşlardan mənimsənilməsi gələcəyin əmək bazarı üçün rəqəmsal savadlılığa malik yüksək ixtisaslı kadr potensialı formalaşdırır”.
Onun sözlərinə görə, İKT iqtisadiyyatın inkişafı və şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Rəqəmsallaşma biznes proseslərində əməliyyat xərclərini azaltmaqla yanaşı, əmək məhsuldarlığının artmasına, elektron ticarət və rəqəmsal bankçılığın inkişafına, maliyyə şəffaflığının güclənməsinə şərait yaradır.
E.Abbasov ənənəvi sənaye və kənd təsərrüfatı sahələrində Əşyaların İnterneti (IoT) və avtomatlaşdırma sistemlərinin tətbiqinin də mühüm nəticələr verə biləcəyini bildirib. Onun fikrincə, bu texnologiyalar resurslardan daha səmərəli istifadəyə, məhsuldarlığın yüksəldilməsinə və yeni yüksəködənişli iş yerlərinin yaranmasına imkan yaradır.
İKT-nin inkişafı cəmiyyətin gündəlik həyatına da birbaşa təsir göstərir. Elektron hökumət xidmətlərinin genişləndirilməsi dövlət idarəçiliyində bürokratiyanı azaldır, şəffaflığı artırır və vətəndaş-dövlət münasibətlərində operativliyi təmin edir.
Ekspert səhiyyə və nəqliyyat sahələrində rəqəmsal texnologiyaların tətbiqinin də əhəmiyyətini vurğulayıb:
“Səhiyyədə teletəbabət və biometrik diaqnostikanın tətbiqi, nəqliyyatda “ağıllı şəhər” konsepsiyalarının reallaşması insan resurslarının qorunmasına və daha inklüziv, təhlükəsiz və innovativ sosial mühitin qurulmasına şərait yaradır”.
Beləliklə, Azərbaycanın rəqəmsal inkişafının növbəti mərhələsində əsas hədəf yalnız texnologiyaların tətbiqini genişləndirmək deyil, həm də rəqəmsal iqtisadiyyat üçün dayanıqlı ekosistem formalaşdırmaq olmalıdır. Bunun üçün sürətli internetə çıxışın regionlarda genişləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, peşəkar İT kadrlarının hazırlanması, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi, eləcə də innovativ bizneslərə dəstəyin artırılması mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

