Vladimir Putin başqırd fastfudlarının dadına baxmağa söz verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin özünü ilk milli fastfud şirkəti kimi təqdim edən Ufanın “Aibat Hallyar”ın yeməklərini dadmağa söz verib. Layihənin təsisçisi Marat Nasxutdinov Putinə bu sözləri deyib: “Arzu edirəm ki, mətbəximiz təkcə Uralda deyil, bütün ölkədə və dünyada tanınsın. Sizi əmin edirəm ki, xarici şəbəkələrin indi bazarı tərk etməsi fonunda heç kim ac qalmayacaq. Mən bu yükü öz üzərimə götürə bilərəm” – deyə sahibkar vurğulayıb.
Vladimir Putin qeyd edib ki, bu gün bir çox xarici şirkətlər Rusiya bazarını tərk etdiklərini desələr də, əslində bu, real deyil. Ancaq xarici şirkətlərin Rusiyadakı işlərinə xitam verilsə, yerli sahibkarlar üçün həqiqətən də imkanlar açılacaq, çünki bazar azad olunacaq: “Mən 100 faiz əminəm ki, xarici sahibkarların və istehsalçıların dəyişdirilməsi vətəndaşlarımıza göstərilən xidmət keyfiyyətinin artmasına səbəb olacaq. Biz bu fəaliyyət növü üçün hər cür dəstəyi verməyə davam edəcəyik, çünki bu, vətəndaşlarımızın hər gün tələb etdiyi sahəyə aiddir. Hər kəs gündə bir dəfədən çox yemək istəyir, ona görə də işinizin təşkili son dərəcə vacibdir”, – Putin bildirib.
Dövlət başçısı Nasxutdinovdan onun iaşə məntəqəsinin adının necə tərcümə edildiyini və bunun halal məhsullarla bağlı olub-olmadığını soruşub. Sahibkar isə gələcəkdə halal məhsulların istehsalına keçməyi planlaşdırdığını açıqlayıb. Putin buna tələbat olacağını qeyd edib və sahibkarın əməlini “nəcib iş” adlandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
