Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mətləb Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il paytaxtın Sabunçu rayonunda yerləşən “Pent House” kafesinin qarşısında qeydə alınıb.
Belə ki, kafedə sərxoş vəziyyətdə olan 1997-ci il təvəllüdlü Mətləb Məmmədov qadın ofisiantla tanış olmaq istəyib. Qadın isə onun təklifini qəbul etməyərək iş saatı bitməsi səbəbindən evinə gedib. Sonra Mətləb kafeni işlədən zərərçəkmiş Fərid Zülfüqarova həmin qadını geri çağıraraq ona xidmət göstərməsini tələb edib. Zərərçəkmiş şəxs isə ona irad bildirib. Bu zaman Mətləb kafenin qarşısında bıçaqla Fəridin kürək və qarın nahiyələrindən qəsdən vuraraq, ona xəsarətlər yetirib.
Hadisədən sonra Mətləb Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
