Britaniya məhkəməsi “WikiLeaks” saytının yaradıcısı Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Londondakı Westminster Sülh Məhkəməsinin ekstradisiya qərarı Daxili İşlər Nazirinə göndəriləcək.
Nazir ekstradisiyanı təsdiqləsə, Assancın vəkillərinin etiraz edəcəyi gözlənilir.
Məhkəmə davam edərkən Assancın tərəfdarları məhkəmə qarşısında nümayiş keçirib. Burada çıxış edən Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin məhkəməni Assancı azad etməyə çağırıb.
Qərardan sonra çıxış edən “WikiLeaks”in baş redaktoru Kristinn Hrafnsson bildirib ki, “İndi Culianın həyatı Priti Patel və Boris Consonun əlindədir.
Bildirilir ki, 2019-cu ilin aprelindən Böyük Britaniyada saxlanılan Avstraliya əsilli Assanc ABŞ-a ekstradisiya edilərsə, 175 il həbs cəzası ala bilər.
Qeyd edək ki, Vaşinqton Assancı Amerika ordusunun İraq və Əfqanıstandakı “müharibə cinayətləri” ilə bağlı minlərlə məxfi sənədləri dərc etməkdə ittiham edir.
Assanc tərəfdarları bu işin mətbuat azadlığına ciddi hücum olduğunu deyirlər.
Xatırladaq ki, Assanc tərəfindən təsis edilən “WikiLeaks” 2010-cu ildə bir çox məxfi sənədləri, o cümlədən ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən sənədləri dərc edib.
İqbal Rzayev,
KONKRET.az