Slovakiya NATO-dakı hərbçilərinin sayını 2100-dən 3 minə çatdırmaq qərarına gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Slovakiya Nazirlər Kabinetinin iclasında bildirilib.
Slovakiyanın müdafiə naziri Yaroslav Nad görüşdən sonra verdiyi açıqlamada, “NATO qoşunlarının sayının artırılması Slovakiyanın müdafiə və təhlükəsizliyini artıracaq. Ölkənin hərbi imkanlarını və hücuma qarşı çəkindirmə səviyyəsinin artırılmasına töhfə verəcək”-deyə qeyd edib.
Müdafiə naziri qərarın bir çox səbəbi olduğunu, lakin ən mühüm səbəbin quraşdırılacaq “Patriot” hava hücumundan müdafiə sistemləri olduğunu vurğulayıb:
“NATO ölkələri əsgər sayını artırmaq istəyirdilər. Bu tələbə uyğun olaraq mövcud əsgərlərdən əlavə 500 alman, 200 amerika,100 çex və 100 sloven əsgəri bölməyə qoşulacaq. Biz qərarın gələn həftə parlament tərəfindən təsdiqlənəcəyini gözləyirik”.
Xatırladaq ki, Slovakiya hökuməti bundan əvvəl NATO-nun şərq cinahını gücləndirmək üçün Slovakiyaya 2100 əsgərdən ibarət NATO kontingentini yerləşdirməyə qərar verib. Qəbul edilən qərara uyğun olaraq 700 alman, 600 çex, 400 amerika, 200 holland, 100 polşa və 100 sloven əsgərindən ibarət kontingent Slovakiyanın mərkəzindəki Lest, ölkənin şərqinə və Çexiya sərhədinə yaxın Kuçina hərbi təlim zonalarına yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az
