Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının 9 mayda Xocalı hava limanında parad keçirmək istəyinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, T.Zülfüqarov məsələ ilə bağlı maraqlı təklif irəli sürüb.
O, sülhməramlıların “Qələbə paradı”na, Ordumuzun tank və Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadasını və Türkiyə Xüsusi Təyinatlılarının göndərilməsini təklif edib:
“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm. Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”
Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Qeyd olunub ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.
