Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalamalıdır. O qeyd edib ki, əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”.
Bəs görəsən, Paşinyan bu ifadəsi ilə nə demək istəyir? Ermənistanla Azərbaycan arasında növbəti dəfə müharibə baş verə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb.
Politoloqun fikrincə, Ermənistanla Azərbaycan arasında bütün hallarda yeni toqquşma olacaq:
“Lakin bunu müharibə adlandıra bilmərik. Ermənistan daxili vəziyyəti nəzərə alıb Azərbaycan qarşısında sülh müqaviləsinə adekvat cavab verməlidir. Bu prosesləri Nikol Paşinyan mərhələli şəkildə icra edir. Ermənistan parlamentində keçirilən iclaslarda biz bunu əyani şəkildə görməkdəyik. Paşinyanın nəhayət mövqeyi belədir ki, sülh müqaviləsi mütləq şəkildə imzalanmalıdır. Bunun alternativi hərbi əməliyyatlar və müharibədir. Hərbi əməliyyatlarla bağlı Paşinyan erməni cəmiyyətindən məhz bunu ritorik şəkildə soruşur. O, erməni xalqına üz tutub deyir ki, 2020-ci il müharibəsi ehtimalı çox yüksəkdir və siz buna necə baxırsınız? İl yarım ərazində Ermənistanın hərb sahəsində o qədər də ciddi dəyişiklik baş verməyib. Əksinə, Azərbaycan öz ordusunda Türkiyə ilə birgə modernləşmə həyata keçirib. Belə bir halda Ermənistan tərəfi hərbi yolla nəyə nail olmağa ümidlidir?”

Politoloq qeyd edib ki, Ermənistan ordusunda və müxalifətində revanşistlərin mövqeyi çox güclüdür:
“Bu, bir növ sonuncu gülləni atmağa bənzəyir. Paşinyan istəyir ki, Ermənistan əlində olan son gülləni də ataraq müqavilə imzalamağa məcbur olsun. İndiki halda Paşinyan erməni cəmiyyətinə sülh müqvailəsi bağlanmağın zəruri olduğunu izah etməyə çalışır. Əgər bu alınmasa, sonrakı mərhələdə Ermənistanın sülhə məcbur olduğunu izah etməli olacaq. Bu məcburiyyət şəraitini yetişdirmək üçün Ermənistan ordusunu cəzalandırmasına ehtiyac var. Biz yaxın vaxtlarda bunun şahidi ola bilərik. Daha sonra müqavilə imzalana bilər”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
