“ABŞ hərbçiləri Kanada ilə sərhəddə yerləşən Huron gölü üzərində daha bir uçan obyekti vurublar”
KONKRET.az xəbər verir ki, bu barədə konqresmen Cek Berqman öz Twitter səhifəsində bildirib.
“ABŞ ordusu Huron gölü üzərində daha bir “obyekt”i istismardan çıxarıb. Qırıcı pilotların qətiyyətli hərəkətlərini təqdir edirəm”, – deyə o yazıb.
Qeyd edək ki, bir neçə saat əvvəl ABC telekanalı Viskonsin ştatında Miçiqan gölü üzərində hava məkanının bir hissəsinin “Pentaqonun fəaliyyəti üçün” bağlanması barədə məlumat vermişdi. Daha sonra “Reuters” Kanadanın Ontario bölgələrindən birində hava məkanının bağlanması barədə məlumat yayıb. ABŞ Müdafiə Nazirliyi də Huron gölü üzərində hava obyektinin məhv edildiyini təsdiqləyib. Qərar kəşfiyyat və aviasiya riskləri nəzərə alınaraq qəbul edilib. Pentaqonun izah etdiyi kimi, ehtimal ki, bu, fevralın 12-i ərəfəsində Montanada Müdafiə Nazirliyinin “həssas obyektləri”nin ərazisi üzərində görünən bu cihaz olub.
Hava obyektinin məhv edilməsi əmrini müdafiə naziri Lloyd Ostinin tövsiyələri əsasında ABŞ prezidenti Co Bayden verib. F-16 qırıcısı AIM9x raketi atıb və hədəfi uğurla vurub. Obyekt təxminən 12 km yüksəklikdə uçurmuş.
Pentaqonun bəyanatında deyilir: “Biz bunu kinetik hərbi təhlükə hesab etmirik, lakin bunun hava hərəkəti təhlükəsi və potensial kəşfiyyat qabiliyyəti riski yaratdığına inanırıq”. Agentlik qeyd edir ki, obyektin seçilmiş nöqtədə məhv edilməsi dağıntıların insanların üzərinə düşmə riskini azaldıb və onun bərpa olunma şansını artırıb.
Bu, fevralın əvvəlindən ABŞ və Kanada səmasında vurulan dördüncü obyektdir. Birincisi, ayın əvvəlində Cənubi Karolinada məhv edilib – şar Çinə məxsus olub. Sahibliyi hələ müəyyən edilməmiş ikinci hava şarı fevralın 10-da Alyaska üzərində səmaya atılıb. Fevralın 12-də Kanadada “naməlum obyekt” məhv edilib.
Qeyd edək ki, Huron gölü Miçiqan gölünə boğazla bağlanan “Şimali Amerika Böyük Gölləri”ndən biridir. Göllər ABŞ və Kanadanın sərhəddində yerləşir. Ən yaxın böyük şəhərlər Detroit (ABŞ) və Ottavadır (Kanada).
Rəsmiyyə Şərifova,
KONKRET.az
