Aktyor, iş adamı, siyasətçi – Dövrümüzün ən məşhur siyasətçilərindən birinin DOSYESİbackend

Aktyor, iş adamı, siyasətçi - Dövrümüzün ən məşhur siyasətçilərindən birinin DOSYESİ

İyunun 12-də İtaliyanın keçmiş baş naziri, “Forza Italia” partiyasının lideri Silvio Berluskoni 86 yaşında Milanda San Raffaele klinikasında vəfat edib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, İtaliya siyasətinin mürəkkəb dövründə Berluskoni böyük biznesini və siyasi karyerasını mükəmməl birləşdirməyi bacardı.

O, xarizması və böyük yumor hissi ilə italyan seçicilərinin rəğbətini qazandı. Korrupsiya və mafiya ilə əlaqəsi iddialarına baxmayaraq, seçicilər səslərini ona verirdi.

Berluskoni dəfələrlə məhkəmə qarşısına çıxarılıb, lakin hər dəfə o, inanılmaz istedadı, eləcə də günahına dair sübutların olmaması səbəbindən bu işlərdən qurtula bilirdi.

Həmsöhbətləri ilə ümumi dil tapmaq bacarığı sayəsində Berluskoni bir çox dünya liderləri ilə yaxşı münasibət qururdu.

O, Rusiya Prezidenti Vladimir Putin, Liviyanın mərhum lideri Müəmmər Qəddafi və ABŞ prezidenti Corc Buşla dostluq münasibətlərini qurmaqda bacarıqlı idi.

Ekspertlərin fikrincə, 2000-ci illərin əvvəllərində ABŞ və Rusiya arasında münasibətlərin istiləşməsində, eləcə də artıq fəaliyyət göstərməyən Rusiya-NATO Şurasının yaradılmasında məhz Berluskoni mühüm rol oynadı.

Həyatı: Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə Milanda dərin inanclı katolik, bank işçisi Luici Berluskoni və evdar qadın Rosella Bossinin ailəsində anadan olub. Onun uşaqlığı əvvəlcə İsveçrədə, daha sonra isə Milanda keçib.

1954-cü ildə Milan Universitetinin Hüquq fakültəsinə daxil olan Berluskoni burada hüquq təhsili alıb və universitetin orkestrində çalıb. Tətillər zamanı isə kruiz gəmilərində müğənni kimi fəaliyyət göstərib və ekskursiyalara rəhbərlik edib.

Silvio Berluskoni uşaqlıqdan sahibkarlıq istedadına malik idi. Əvvəlcə pul və ya şirniyyat müqabilində həmyaşıdlarına ev tapşırıqlarını yerinə yetirməyə kömək edir, daha sonra isə universitetdə tələbə yoldaşlarına kurs işləri satırdı.

1961-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Berluskoni atasının menecer olduğu bankda iş təklifindən imtina edib və tikinti şirkəti olan “Milan Developers Union”u qurub.

1960-cı illərin əvvəllərində İtaliya tikinti bumu yaşayırdı və Milandakı Berluskoni şirkəti də böyük uğur qazandı. Baxmayaraq ki, layihələrin həyata keçirilməsi, özünün dediyinə görə, inanılmaz çətin idi.

1978-ci ildə perspektivli telekommunikasiya və media bazarı ilə maraqlanan Berluskoni “Telemilano” kabel televiziyasını qurdu.

Bir neçə il sonra o, üç ümummilli telekanalın sahibi oldu, sonradan bu kanallar “Mediaset” holdinqin bir hissəsi kimi fəaliyyət göstərirdi. Bu kanallar Avropada ilk kommersiya yayımçıları arasında idi.

Berluskoninin telekanallarında ilk dəfə olaraq yarıçılpaq rəqqasların iştirakı ilə verilişlər yayımlanırdı ki, o zamanlar mühafizəkar dövlət televiziyası üçün bu, ağlasığmaz görünürdü.

1978-ci ildə Berluskoni bütün media aktivlərini birləşdirən “Fininvest” holdinq şirkətini qurdu və biznes imperiyasını sürətlə genişləndirdi.

İtaliyanın ən böyük nəşriyyat evi “Mondadori”, həmçinin gündəlik “II Giornale” qəzeti də daxil olmaqla, ən azı 150 şirkət Berluskoninin nəzarəti altında idi.

Silvio Berluskoni 1986-cı ildə ölkənin aparıcı klublarından birinə çevrilən “Milan” futbol klubunu aldı. 2017-ci ildə klub Çindən olan bir qrup investora 740 milyon avroya satıldı.

Böyük siyasətdə debütü

“Milan”ın satın alınmasından qısa müddət sonra Berluskoninin şirkətləri İtaliyada hökumətinin ən yüksək eşelonlarında korrupsiya ilə bağlı araşdırma predmetinə çevrildi.

İtaliya vətəndaşlarının mövcud siyasi sistemdən narazılığı və korrupsiya qalmaqalları fonunda Berluskoni 1994-cü ildə “Forza Italia” partiyasını yaratdı.

Partiya yaradıldıqdan cəmi 60 gün sonra seçkilərdə qalib gəldi. Seçkilərdən dərhal sonra Berluskoni sağ mərkəzçi partiyalardan ibarət koalisiya yaratdı. O, 1994-cü il mayın 11-də and içərək çox milyardlıq sərvəti ilə baş nazir oldu.

Hökumət tezliklə parlament vasitəsilə Berluskoni və nazirlərin hakimiyyətdə olduqları müddətdə təqib olunmamasına zəmanət verən qanunu qəbul etdi. Bu qanun daha sonra Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi.

Qeyd edək ki, Berluskoninin qələbəsinə televiziyada düzgün reklam kampaniyası kömək etdi. O, cazibədar insan və hər şeyə özü nail olan nümunəvi milyarder obrazında görünürdü.

Lakin o, vəzifədə uzun müddət qala bilmədi. Hakim koalisiyaya daxil olan üç partiya arasındakı fikir ayrılığı, həmçinin Milanda məhkəmənin ona vergidən yayınma ittihamı irəli sürməsi yeddi ay sonra koalisiyanın dağılmasına səbəb oldu.

2001-ci ildə Berluskoni yeni koalisiya ilə yenidən baş nazir oldu. Seçki kampaniyası zamanı o, ciddi iqtisadi islahatlar aparacağına, vergi sisteminin sadələşdirilməsinə, pensiyaların artırılmasına söz verdi.

Lakin qlobal iqtisadiyyatdakı problemlər səbəbindən Berluskoni vədlərinə əməl edə bilmədi və uduzdu.

2008-ci ilin aprelində siyasi böhran nəticəsində kabinet istefa verdikdən sonra Berluskoni yenidən İtaliyanın baş naziri seçildi.

O, 2011-ci ilin oktyabr ayına qədər baş nazir vəzifəsini icra etdi, lakin artan maliyyə böhranı səbəbindən Berluskoni deputatların əksəriyyətinin dəstəyini itirdi.

2012-ci ildə yenidən baş nazir olmaq istədiyini açıqlayan milyarder 2013-cü il seçkilərində 1% fərqlə məğlub oldu.

Putinlə münasibətləri

Vladimir Putin Kremldə olduğu iyirmi ildən artıq müddətdə heç bir Qərb siyasətçisi ilə Berluskoni kimi dostluq münasibətləri qurmayıb. İlk dəfə 2001-ci ilin iyulunda Genuyada keçirilən G8 sammitində görüşən liderlər bundan sonrakı ilk il yarım ərzində səkkiz dəfə görüşüb.

Mətbuat 2003-cü ilin avqustunda Putinin qızlarının Berluskoninin Sardiniyadakı Certosa villasında istirahət etdiyini yazıb. Rusiya prezidenti özü də üç gün orada qalıb. Berluskoni Putinin doğum günü üçün Rusiyaya bir neçə qeyri-rəsmi səfər edib.

2015-ci ildə Rusiyanın ilhaq etdiyi Krıma səfər edən Putin və Berluskoni qarşılıqlı simpatiyalarını gizlətmirdi.

Berluskoni dəfələrlə Çeçenistan, Gürcüstan və Ukrayna ilə bağlı məsələlərdə Kremli dəstəkləyib və buna görə Qərbdə tənqid olunub.

2013-cü ildə Romaya dövlət səfərinə gələn Putin əvvəlcə Berluskoniyə baş çəkib, yalnız bundan sonra baş nazir Enriko Letta ilə görüşüb.

2015-ci il sentyabrın 11-də o, Putinlə Soçidə istirahət edərkən onunla birlikdə “ilhaq edilmiş” Sevastopol şəhərinə gəlib. Bundan sonra Ukrayna Təhlükəsizlik Xidməti onun üç il müddətinə ölkəyə girişinə qadağa qoyub.

Qeyd edək ki, şəxsi həyatı ilə gündəm olan Berluskoni iki dəfə rəsmi nikahda olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*