Dünən Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bəzi vacib məqamalara diqqət çəkib. Dövlət başçısı bildirib ki, Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşüb və bir müddət qaz olmayıb. Buna görə dünyada hay-haray qaldırıblar ki, Azərbaycan burada humanitar fəlakət törədir.İlham Əliyev qeyd edib ki, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşayıb və bunu Ermənistan dövləti edib. Beynəlxalq təşkilatlar Ermənistanın bu addımına biganə qalıb. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər.
Prezidentin bu fikirlərini KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, beynəlxalq təşkilatlar həmişə Azərbaycana qarşı münasibətlərdə ikili standartlara yol verib:
“Belə olmasaydı, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Ermənistana qarşı BMT qətnamələrindən irəli gələn addımlar atılardı və müvafiq sanksiyalar tətbiq olunardı. İndi biz Rusiya-Ukrayna müharibəsinin fonunda sanksiyalarla bağlı lazımi addımların atılmasının şahidi oluruq. Naxçıvan uzun müddət blokadada qalıb. Bunun əsas səbəbi isə Ermənistanın işğalçılıq siyasəti olub. Həmin müddətdə Naxçıvanda olan çox saylı problemlərə baxmayaraq, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər heç bir reaksiya verməyib. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı müəyyən problemlər yaranan kimi dərhal adekvat olmayan reaksiyaların şahidi oluruq. Orada yaşayan etnik ermənilərdən istifadə edilir. Bütün bunlar məqsədyönlü siyasətin tərkib hissəsdir”.

Politoloqun fikrincə, bəzi qüvvələr regionda sabitliyin və sülhün təmin olunmasında maraqlı deyil. Onlar Azərbaycan ərazilərində separatizmi dondurulmuş bomba kimi saxlamaq niyyəti güdür:
“Lakin Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycan kimi bir ölkənin istənilən enerji problemini çözmək imkanları var. Azərbaycanın sərhədləri çərçivəsində yaşayan hər kəs milliyətindən asılı olmayaraq qanunlarımıza hörmətlə yanaşmalıdır. Azərbaycan torpağında yaşayan hər kəs ölkəmizə bağlılığını ortaya qoymalıdır. Separatçı meyllərdən əl çəkmək lazımdır. Azərbaycan hər zaman öz davranışlarında humanizm prinsiplərini əsas götürür. Prezident İlham Əliyev bu fakta diqqət çəkməklə əslində dünyada mövcud olan bütün ədalətsizliklərdən danışdı. Bu yanaşma tərzi və ikili standartlar beynəlxalq münasibətlərə zərbə vurmaqla yanaşı, milyonlarla insanın faciəsinə səbəb olur”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
