Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində fantastik bahalaşma müşahidə edilir.
Ötən illə müqayisədə paytaxtın ətraf rayonlarında kirayə verilən bağ evlərinin qiymətində ciddi artım var.
Bu əsasən dəniz mənzərəli və hovuzu olan bağlarda daha çox hiss olunur.
Kirayəşinlərə əraziyə görə fərqli qiymətlər təklif olunur. Ən bahalı bağ evləri isə Mərdəkan və Novxanı ərazisində, dənizə yaxın bağlardadır.
KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının Mərdəkan qəsəbəsində hətta bir ayı 22 min manata təklif edilən bağlar da var.
Belə ki, 600 kvadrat metrlik, 3 mərtəbəli villada maksimum 6 nəfərin qalmasına icazə verilir. Villada 1 ayrı qonaq evi (zal, yataq, mətbəx), 5 yataq otağı, futbol meydançası, idman zalı, 5 sanuzel, sauna otağı, “Play Station” otağı, açıq hovuz mövcuddur.
Bundan əlavə, elan saytlarında Buzovna qəsəbəsində aylıq 15-20 min, Nardaranda 17 min, Bilgəhdə 15 min, Şüvəlanda 13 min manata da bağ evləri təklif olunur.
Bahalaşma daha çox sutkalıq kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, Mərdəkan, Novxanı, Şüvəlan qəsəbələrində dənizə yaxın ərazilərdə yerləşən bağ evlərinin gündəlik kirayə qiymətləri 200-300 manatdan başlayır və evdən asılı olaraq bu məbləğ 6 min manata qədər qalxır.



