Türkmənistanda Prezident Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 29-da ölkənin ilk “ağıllı şəhəri” Arkadağın açılış mərasimi keçirilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə mərkəzdə “Ginnesin Rekordlar Kitabı”na düşən Axaltəkə atının fiquru olan “Akxan” abidəsinin yanına toplaşıblar.
Belə ki, abidənin yanındakı meydanda yeni fəvvarələr istifadəyə verilib.
Sonra ölkə Prezidenti və qonaqlar Arkadağ şəhərinin Baş Meydanına gələrək, dövlət himninin sədaları altında Türkmənistan bayrağını qaldırıblar.
Qeyd olunub ki, şəhərin infrastrukturu beynəlxalq standartlara cavab verir. Burada sakinlər üçün maksimum rahat şərait yaradılıb. Belə ki, ekoloji cəhətdən təmiz nəqliyyat növləri olan elektrik avtobusları və taksiləri şəhərin küçələri ilə hərəkət edəcək.
Daha əvvəl bildirilib ki, şəhərin açılış mərasiminə 14 ölkədən və 12 beynəlxalq təşkilatdan, o cümlədən BMT, ATƏT, YUNESKO-dan qonaqlar gələcək.
“Azatlıq” radiosu (“Azadlıq” radiosunun Türkmənistan bürosu) xəbər verir ki, ölkənin bütün bölgələrindən şənliklərdə iştirak etmək üçün yaşı 40-dan aşağı olan şəxslər və dövlət qulluqçuları gətirilib. Belə ki, tədbirə gələnlər qara kostyum, ağ köynək geyinmələri, bığlarını və saqqallarını qırxmaları barədə təlimatlandırılıb.
Maraqlıdır ki, şəhərin açılışı respublikanın eks-prezidenti, rəsmi olaraq Arkadağ titulunu daşıyan parlament sədri Qurbanqulu Berdiməhəmmədovun doğum gününə təsadüf edir. Belə ki, bu gün onun 66 yaşı tamam olur.
Bununla belə, Arkadağın özü bayram mərasimində iştirak edə bilməyib. Yerli KİV-in məlumatına görə, o, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edən dövlət nümayəndə heyətinə rəhbərlik edir.
İqbal Rzayev,
KONKRET.az
