“Əksər icra məmurlarına rüşvət verməsən, onlar öz işini görmür” – İLGİNC AÇIQLAMAbackend

"Əksər icra məmurlarına rüşvət verməsən, onlar öz işini görmür" - İLGİNC AÇIQLAMA

Boşanmaların sayının artması özü ilə bərabər müxtəlif problemlərə də yol açır. Bunlardan biri və ölkəmizdə ən geniş yayılanı isə aliment məsələsidir. Bir sıra hallarda tərəflər boşandıqdan sonra qadın məhkəmə qərarı ilə təyin olunan alimenti ala bilmir. Təəssüf ki, alimenti ödəməmək üçün müxtəlif üsullara əl atanlar da var. Üstəlik bəzi hallarda məhkəmə icraçıları da işlərini lazımı səviyyədə görmürlər. Bəs görəsən, bu problemlər nədən irəli gəlir? Məhkəmə sistemi niyə zəif işləyir? Ana övladına görə təyin olunan alimenti niyə ala bilmir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, qərarları icra məmurları yerinə yetirir: “Belə hallarda problem adətən icra məmurlarında olur. Məhkəmələr alimentin kəsilməsi haqqında qərarı verir. Həmin qərarın icrasında məsul tərəf icra məmurlarıdır. Onlar alimenti ödəyən tərəflərlə müvafiq qaydada iş aparmalı və həmin şəxslərin aylıq gəlirini müəyyən etməlidir. Həmin gəlirdən isə aliment ödənilməlidir. Burada təkcə alimentdən söhbət getmir. İstər bank borcu, istərsə də məhkəmə qərarı ilə təyin olunan digər borclar aylıq gəlirə əsasən ödənilir”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Ekspert təəssüflə qeyd edib ki, icra məmurları əksər hallarda öz işinə etinasız yanaşır: “Korrupsiya hallarına rast gəlinir. Əksər icra məmurlarına rüşvət verməsən, onlar öz işini görmür. Burada hər iki tərəfdən “hörmət gözləyir”lər. Bəzi hallarda hətta aliment ödəməli olan tərəf məmura rüşvət verərək öz öhdəliyini yeirnə yetirməkdən boyun qaçırır. Adətən alimenti ödəyən tərəf ata olur. Çünki uşaqlar ananın yanında qalır. Əgər onun aylıq rəsmi gəliri varsa, aliment bu gəlirdən tutulur. Rəsmi gəliri olmayan şəxsdən alimentin tutulması mümkün deyil. Amma icra məmuru müvafiq təhqiqat işi apara bilər. “İşsizəm”, – deyənlərin böyük qismi faktiki olaraq fəaliyyət göstərir. İcra məmuru bu faktları müəyyən etməlidir. Əgər alimenti ödəməli olan şəxsin öz öhdəliyindən yayındığı müəyyən edilərsə, onlar İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən bir aylıq azadlıqdan məhrum oluna bilər. Bu hallar təkrarlanarsa, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Lakin qeyd edim ki, bunun üçün icra məmuru vətəndaşın qeyri-rəsmi olsa belə gəlirinin varlığını sübuta yetirməlidir. Əgər fakt sübut olunmazsa, o şəxsə qarşı nəsə etmək mümkün deyil. Bir müddət öncə Ombudsman Səbinə Əliyeva aliment fondunun təchiz olunması ilə bağlı təklif irəli sürmüşdü. Təklifə əsasən alimenti ödəmək imkanı olmayan şəxslərin əvəzinə bu fonddan ödəniş edilməsi nəzərdə tutulmuşdu. Əslində bu, yaxşı təşəbbüs idi, lakin təəssüf kİ, kağız üzərində qaldı”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

  • vətənoğlu
    Dekabr 17, 2022 - 15:29

    “Əksər icra məmurlarına rüşvət verməsən onlar öz işini görmür” – İLGİNC AÇIQLAMA başlıqlı tamamilə qərəzlidir!!! Ümumi sözlə yox, konkret faktla danışmaq lazımdır. Hər bir icra məmuru ədliyyə işçisidir və tabe olduğu qurum Ədliyyə Nazirliyidir. Nazirliyin “Çağrı mərkəzi” var – 881, şikayəti olan faktla müraciət etsin, mütləq araşdırılar. İkincisi isə, icra məmurunun təhqiqat aparmaq səlahiyyəti yoxdur, “icra haqqında” qanunda belə maddə yoxdur. Aliment fondunun yaradılması isə yaxşı təşəbbüs olsa da, bu tək Ombudsmanın işi deyil, bunun üçün Maliyyə Nazirliyi, Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsi və digər aidiyyəti qurumlar Nazirlər Kabineti və Administrasiya qarşısında məsələ qaldırmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*