“Ən çox anamın medalını sevirəm” – 61 yaşlı kolleksionerlə SƏMİMİ SÖHBƏTbackend

"Ən çox anamın medalını sevirəm" - 61 yaşlı kolleksionerlə SƏMİMİ SÖHBƏT

Müxtəlif növ döş nişanları toplamağa həvəs göstərən 61 yaşlı mingəçevirli Mais Musayev indiyədək qoruyub-saxladığı kolleksiyanı bundan sonra da kimsəyə satmaq fikrində deyil.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, kolleksioner bu hobbisinə yeniyetməlik dövründən başlayıb.

Çoxları bundan xəbərdar olsa da, onu dilə tutub əlindəkiləri almağa çevrədəkilər elə də canfəşanlıq etmir. Çünki ağsaqqalın verəcəyi cavabı öncədən təxmin edirlər.

Dediyinə görə, kolleksiyanı pulla almaq istəyənlərə bir cavabı olub:

“Mən özümünküləri satmağa deyil, əksinə, sizdə olanları da almağa hazıram”.

Nişanları toplamaq həvəsinin onda 15 yaşından etibarən oyandığını deyən M.Mustafayev bildirir ki, evdə, ailədə, dost-tanışda gördüyünü əldə edib, qoruyub-saxlayıb. Nişanlar, medallar müxtəlif illəri əhatə etdiyi kimi, fərqli ölçülü, təyinatlı, hətta əyarlıdır.

Onların arasında ən çox sevdiyi medallardan biri rəhmətlik anası Gül xanıma təqdim olunan qızıl əyarlı “Qəhrəman ana” medalıdır. “Biz çoxuşaqlı ailə olmuşuq”, – deyir Mais Mustafayev. – Nə az, nə çox, ailədə 14 uşaq olmuşuq, 11 qardaş və 3 bacı. Anama bu dəyərli medalı 14-cü övladını dünyaya gətirdiyi zaman veriblər. Mənim üçün çox əzizdir. Təkcə bu döş nişanı deyil, digər nümunələrin də hər biri mənim üçün əzizdir, onları heç bir maddi dəyərə dəyişmərəm”.

Kolleksioner döş nişanları ilə yanaşı, bəzi qədimi əşyalar və əskinaslar da topladığını deyir. Ən böyük arzusu isə yaşadığı fərdi təsərrüfatda əski nümunələrdən ibarət şəxsi muzey yaratmaqdır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*