Azərbaycanda kənd təsərrüfatına hər il milyardlarla manat vəsait ayrılsa da, aqrar sektorda problemlər getdikcə daha da dərinləşir. Fermerlər subsidiya və güzəştlərin vaxtında verilmədiyini, məhsul istehsalının maya dəyərinin durmadan artdığını, bazarda isə vasitəçilərin süni qiymət artımına səbəb olduğunu deyirlər. Bir tərəfdən kəndli məhsulunu sata bilmədiyi üçün tonlarla məhsul sahələrdə çürüyür, digər tərəfdən isə bazarlarda tərəvəz və meyvələrin qiyməti bahalaşır. Aqrar ölkə hesab olunan Azərbaycanda pomidorun, kartofun, soğanın qiymətinin yüksək olması, idxaldan asılılığın artması və fermerlərin ardıcıl zərərə düşməsi ciddi narahatlıq doğurur. Ekspertlər hesab edir ki, subsidiya sistemində qeyri-şəffaflıq, planlaşdırma çatışmazlığı, köhnəlmiş idarəetmə modeli və korrupsiya halları kənd təsərrüfatını iflic vəziyyətinə gətirib. Bütün bunların fonunda belə bir sual yaranır: kənd təsərrüfatına ayrılan milyardlarla vəsait hara gedir və niyə aqrar sektor hələ də böhran içindədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bu gün kənd təsərrüfatında yaranmış vəziyyət yalnız iqtisadi problem deyil, həm də sosial ədalət və idarəetmə böhranıdır:

“Azərbaycan üçün kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin əsas dayağıdır. Amma artıq görürük ki, bu dayaq zəifləyib və tənəzzülə uğrayır. Hər il Kənd Təsərrüfatı Nazirliyinə böyük vəsait ayrılır. Təkcə 2025-ci ildə dövlət büdcəsindən 1,2 milyard manat yönləndirilib. Amma nəticədə bazarda pomidorun qiyməti 2-5 manat arasında dəyişirsə, sual yaranır ki, bu qədər vəsait hara gedib?”
İqtisadçı qeyd edib ki, subsidiyalar, güzəştli kreditlər və dövlət proqramlarına milyardlarla resurs yönəldilsə də, fermer real nəticəni görmür:
“Fermer məhsulu baha istehsal edir. Azərbaycanda ucuz və keyfiyyətli məhsul istehsalı mümkün olmur. Çünki istifadə olunan toxum, gübrə, avadanlıq və digər resursların böyük hissəsi xaricdən gətirilir. Bu da maya dəyərini artırır. İqtisadiyyat inzibatçılığı yox, təşviqi və innovasiyanı sevir. Amma biz hələ də köhnə idarəetmə üsullarından əl çəkməmişik”.
Ekspertin sözlərinə görə, subsidiya sisteminin effektivliyi demək olar ki, yoxdur:
“Fermerlərin bir hissəsi subsidiya ala bilmir. Səbəb isə bürokratik maneələr, texniki savadsızlıq və məlumat çatışmazlığıdır. Bəzən subsidiyalar aylarla gecikir. Qeyri-şəffaf mexanizmlər fermerin dövlətə olan etimadını azaldır.
Yanacaq, gübrə, toxum və digər resurslar bahalaşıb. Fermer artıq hansı məhsulu əkəcəyini planlaşdıra bilmir. Bir il sarımsağın qiyməti artır, növbəti il hamı sarımsaq əkir və məhsul xarab olur. Burada planlama və koordinasiya problemi var. Nazirlik bazarın tələbatına uyğun sistem qurmalıdır”.
İqtisadçı vasitəçilərin bazarda süni qiymət artımına səbəb olduğunu da vurğulayıb:
“Fermerdən çıxan məbləğlə bazardakı qiymət arasında böyük fərq var. Vasitəçilər əsas qazancı əldə edir. Şəmkirdən Bakıya məhsul gətirən fermer müxtəlif maneələrlə üzləşir. Aqrar ölkədə pomidorun qiyməti 5 manatdırsa, bu özü vəziyyətin göstəricisidir”.
Ekspert hesab edir ki, aqrar sahədə ciddi struktur dəyişikliklərinə ehtiyac var:
“Əgər ayrılan milyardlarla vəsaitin effektivliyi yoxdursa, cavabdeh şəxslər məsuliyyət daşımalıdır. Kənd Təsərrüfatı Nazirliyində ixtisarlar aparılmalı, bacarıqsız şəxslər vəzifədən uzaqlaşdırılmalıdır. Aqrar siyasəti həyata keçirən qurum tamamilə yenidən formalaşdırılmalıdır. Xaricdə bahalı universitet oxumaq yox, praktik idarəçilik bacarığı əsas götürülməlidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
