G7 Zelenskinin dərdinə çarə axtarır – ƏTRAFLIbackend

G7 Zelenskinin dərdinə çarə axtarır - ƏTRAFLI

Şəkildəkilər dünyanın əsas güc mərkəzlərini təmsil edən liderlərdir. Şərti olaraq adına “Qərb masası” deyə bilərik. Düzdür, şəkil Uzaq Şərqin ən qüdrətli və aparıcı ölkəsi olan Yaponiyada çəkilib. Yaponiya siyasi-geopolitik mənsubiyyət baxımdan Qərbyönümlüdür. Əsas qərarlarını, addımlarını ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə uyğunlaşdıraraq atır.

Şəkil G7 sammitində çəkilib. Fotodakıları güc və reputasiya ardıcıllığı ilə aşağıdakı kimi sıralayaq.

  1. Co Bayden – ABŞ prezidenti
  2. Rişi Sunak – Böyük Britaniyanın baş naziri
  3. Olaf Şolts – Almaniya kansleri
  4. Ursula von der Leyen – Avropa Komissiyasının Prezidenti
  5. Şarl Mişel – Avropa İttifaqı Şurasının prezidenti
  6. Castin Trüdo – Kanadanın Baş naziri
  7. Emmanuel Makron – Fransanın prezidenti
  8. Fumio Kisida – Yaponiyanın Baş naziri

Ukrayna prezidenti Volodimr Zelenski tədbirə qonaq qismində dəvət olunub. Onu başa çəkiblər. Başı nələr çəkən Ukraynanın başçısının belə mötəbər tədbirdə başa çəkilməsi yaxşı haldır. Dünya siyasi elitasının mərkəzində oturmaq hər prezidentə nəsib olmayıb. Bəlkə də Zelenski düşünür ki, kaş ölkəsində müharibə olmazdı, Rusiyanın hərbi aqressiyası Ukraynanı viran qoymazdı, şəhərlər, kəndlər dağıdılmazdı, əhali didərgin düşməzdi, günahsız insanlar öldürülməzdi. Kaş… Amma gecdir. Olana və ölənə çarə tapılmaz.

G7 siyasi klubu isə V.Zelenskini çağırıb, başda oturdur, onun dərdinə çarə axtarır. Çarə var – Rusiyanı məğlub edib, bu faciəni dayandırmaq. Bunun üçün Qərbin aparıcı ölkələrinin çalışdığı haqda məlumatlar yayılır. Məlumatlarla paralel Ukrayna da dağılmaqda davam edir. İndən sonra bu ölkəni bərpa etmək üçün onillər və yüzmilyardlarla vəsait lazım olacaq. Bütöv bir nəsil qırılıb. Milyonlarla insan didərgindir. Avropanın qaçqın düşərgələrində əsir-yesirdir. Dünyanın ən gözəl ölkələrində biri yer üzündən silinməkdədir. Və bu “geopolitik lotular” Zelenskini çağırıb başını sığallayır, deyirlər, yaxşı olacaq, qoy ölkən bir az da dağılsın…

Ukrayna müharibəsinin bir nömrəli günahkarı, suçlusu Rusiya dövləti və onun prezidenti Vladimir Putindir. Buna kimsə bir söz demir, deməyə də haqqı yoxdur. Qərbə qınaq və qəzəb budur ki, birincisi, niyə rus qoşunlarının Ukraynaya hücumuna imkan verdi?! İkincisi, deyək verdi, bəs 1 ildən çoxdur nədən Rusiyanın hərbi aqressiyanın qarşısını ala bilmir?! Bu qədərmi gücsüzdür Qərb? Bu qədərmi Rusiya qüdrətlidir?

Əvəzində Zelenskini təyyarə ilə o ölkə sənin, bu paytaxt mənim gəzdirirlər. Cem Yılmazın məşhur “standap”ında deyildiyi kimi, “bir dəfəkində kralsan, oğlum”. Zelenskiyə də təxminən belə deyilir: “Qoy Ukrayna yerlə yeksan olsun, Rusiya qoşunları sənin xalqını daha çox qırsın, biz zamanı gələndə məsələni həll edəcəyik. Sən də qəhrəmansan də…”

Yəni dünyanın sahibləri sayılan qüdrətli dövlətlər bir Rusiya ilə bacarmır. Buna niyə heç kim inanmır, görəsən? Hətta son günlər Ukraynaya F-16 qırıcıları veriləcəyi xəbərləri fonunda Qərbin səmimiyyəti qəbul edilmir. Bu arada, Almaniya prezidenti bu günlərdə deyib ki, ölkəsinin Ukraynaya F-16 təyyarələri veriləcəyi xəbəri yalandır. Deyirlər, təyyarələri ABŞ verəcək. Tutaq ki, verildi, bu, müharibənin gedişində nəyi dəyişdirə biləcək? Müharibəni dayandırmaq, sülh, atəşkəs əldə etmək əvəzinə yanan ocağın üstünə benzin tökürlər.

Artıq hər kəsə bəllidir: Bu müharibə Qərb və Rusiya arasında gedir. Savaşın iki məğlubu var: Rusiya və Ukrayna. Qalibi isə təkdir…

Məşhur deyim yada düşür: “Qumarı oynayan(lar) yox, oynadan qazanır”.

Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*