backend

Hikmət Şikarov: “Koronavirusla mübarizədə həkim və polislərimizin fədakarlığı misilsizdir”

“Dövlətimiz koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılaraq olduqca ciddi qərarlar verilib”.

Bu fikirləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov KONKRET.az-ın əməkdaşı ilə müsahibəsində bildirib. Hikmət Şikarov qeyd edib ki, qısa müddət ərzində karantinlər yaradılıb, sosial izolyasiya tədbirləri həyata keçirilib: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bununla bağlı xalqımıza müraciətlərində də xüsusilə qeyd olunur ki, hər bir vətəndaş sosial izolyasiya tədbirlərində yaxından iştirak etməli və ağılla davranmalıdır. Çünki hər bir insan ilk növbədə özünü qorumaqla ailəsini, ətrafını, dost-tanışını və ümumilikdə cəmiyyəti qorumuş olur. Ona görə də insanlar dərk etməlidirlər ki, bu problem hər bir dövlətin və hər insanın qarşılaşa biləcəyi bəladır. O səbəbdən problemin həll olunmasında hər bir vətəndaş yaxından iştirak etməlidir”.

Həmsöhbətimiz vurğulayıb ki, “Cənab Prezidentin xüsusi tapşırığına əsasən, əhaliyə maddi yardım məqsədi ilə “Sosial paket”in hazırlanması, məhz ölkə başçısının vətəndaşına olan diqqət və qayğısının təzahürü, daim vətəndaşının yanında olması amalının göstəricisidir. Belə bir məqamda Azərbaycan qəhrəman dövlət kimi virusa qarşı qətiyyətli mübarizə aparır. Bu gün koronavirusla mübarizə tədbirləri dövlətimizin gündəlik nəzarəti altındadır, ölkəmizdə kifayət qədər ərzaq təminatı, tələb olunan tibbi ləvazimat və tibbi personal vardır. Buna görə də təşvişə düşmək deyil, sadəcə dövlətimiz tərəfindən qoyulmuş qaydalara ciddi əməl etmək lazımdır. Dərk etmək lazımdır ki, görülən işlərin hamısı insanların sağlamlığının qorunmasına yönəlmiş addımlardır”.

Hikmət Şikarov hesab edir ki, Prezidentin birbaşa rəhbərliyi ilə atılan addımlar bir daha göstərir ki, hər bir vətəndaşın sağlamlığı dövlət başçısını düşündürür. “Belə çətin günlərdə isə bu sahədə fədakarlıq göstərən səhiyyə işçilərinin və Azərbaycan polisininin əməyini layiqincə qiymətləndirmək hər bir kəsin borcudur. Bir müddət öncə ölkə başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması, onların əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi”.

O, xüsusi olaraq qeyd edib ki, virusla mübarizədə Azərbaycan həkimi ilə yanaşı Azərbaycan polisi də vətəndaşın təhlükəsizliyinin keşiyində dayanıb, layiqincə öz vəzifə borcunu yerinə yetirir. Azərbaycan polisi bu gün ictimai asayişin qorunmasında, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir”.

“Nəzərə alsaq ki, belə viruslar və xəstəliklər nə qədər təhlükəlidir, buna görə də həmin virusla mübarizədə olan həkim və polislərimizin əməyini çox yüksək qiymətləndirir, onların şərəfli  və çox çətin vəzifələrini möhkəm cansağlığı ilə yerinə yetirmələrini arzu edirəm”, – deyə Hikmət Şikarov bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*