Keçmiş Honduras Prezidenti Xuan Orlando Ernandes narkotik ticarəti və silah istifadəsi ilə bağlı cinayətlərə görə, gələn həftə ABŞ-a ekstradisiya olunacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik naziri Ramon Sabillon “HRN” radiosuna verdiyi açıqlamasında bildirib.
Nazir qeyd edib ki, keçmiş prezident paytaxt Tequsiqalpda ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə (DEA) təhvil veriləcək:
“Ernandesin ölkəni tərk etməsi üçün gələn həftə çərşənbə və cümə günləri arasında danışıqlar aparmağa qərar verdik”.
Həmçinin ABŞ Federal Prokurorluğu Ernandesi narkotik qaçaqmalçılığında fəal rol oynamaqda ittiham edib.
Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri fevralın 15-də bildiriblər ki, ABŞ səfirliyi Ernandesin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.
Ernandes Ali Məhkəmənin qərarından sonra fevralın 16-da paytaxt Tequsiqalpdakı evində polisə təslim olub.
Honduras Ali Məhkəməsi martın 29-da Ernandesin ekstradisiyası ilə bağlı qərarı Ali Ədalət Məhkəməsinin Plenumunda qəbul edib.
Qeyd edək ki, Ernandesin qardaşı Xuan Antonio Tony Ernandes də ABŞ-da narkotik və silah qaçaqmalçılığına görə mühakimə olunub və 2021-ci ilin martında ömürlük həbs cəzasına məhkum edilib.
İqbal Rzayev,
KONKRET.az
