Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko kiçik və orta biznes nümayəndələrini “bütün Rusiyanı mismarla doldurmağa” çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Matviyenko Rusiyanın mismar istehsal etmədiyinə və bu tikinti materialının ölkəyə xaricdən gətirilməsinə təəccübləndiyini gizlətməyib:
“Bu, özümüzün nəyi bacarıb-bacarmadığımıza dair kiçik bir nümunədir. Aydındır ki, heç bir ölkə hər şeyi istehsal edə bilməz. Amma indi biz özümüzü inkişaf etdirməli və daha sürətlə irəliləməliyik” – Matviyenko vurğulayıb.
Matviyenko həmçinin bildirib ki, Rusiyanı tərk edən xarici şirkətlərin əmlakının milliləşdirilməsi məsələsi gündəmdə deyil. Bu məsələyə diqqətli və seçici yanaşma lazımdır.
Xatırladaq ki, bir müddət öncə “kp.ru” saytı Rusiyanı tərk etməyi planlaşdıran şirkət və brendlərin siyahısını dərc edib. 2022-ci ilin mart ayında onlarla xarici şirkət Rusiyadakı fəaliyyətini dayandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
