Suriya CƏHƏNNƏMİ  – Qədim torpaqlarda YENİ TƏLƏ hazırlanırbackend

Suriya CƏHƏNNƏMİ - Qədim torpaqlarda YENİ TƏLƏ hazırlanır

İndi bütün dünyaya belə gəlir ki, Suriyada müharibə bitib. Hətta ölkə daxilində yüksək təhsilli ziyalı təbəqəsinin də iştirak etdiyi müzakirələrdə qısa müddətdə dövləti dördüncü dünya ölkəsinə çevirməklə bağlı bir neçə layihənin hazırlandığı deyilib.

Bəs əslində necədir? Suriya terrorla mübarizə bəhanəsi ilə enerji resurslarının bir əldə cəmləşdiyi təlim meydanıdır. Məlumdur ki, Suriyanın neft yataqları ABŞ-ın nəzarətindədir. Lakin neft hasil edən ölkədə insanlar elektrik şəbəkəsi dağıldığı üçün generatorlar üçün belə yanacaq ala bilmir.

Əgər Bəşər Əsəd siyasi avantürizmə yol verməsəydi, qədim tarixə malik bu ölkə bu səviyyədə məhv olmazdı. Təsəvvürünüzə gətirin ki, Suriya lirəsi artıq uçuruma yuvarlanıb: 1 dollar 6 min lirədən bahadır.

Maraqlıdır ki, Suriyada müharibənin tam bitməsi dünya ölkələri üçün çox sərfəlidir. Elə Türkiyə üçün də. Bu ölkəni İraqla qısa bir istiqamətdə birləşdirəcək M-4 magistralı Türkiyə ilə bərabər Körfəz ölkələrinə və Rusiyaya da faydalıdır. Rusiyada beyin mərkəzləri belə iddia edir ki, nə ABŞ, nə də İsrail üçün Suriyada sabitlik maraqlı görünmür. Həmin tezislərə görə, sonuncular üçün paytaxtı Dəməşq olan dövlətdə qeyri-sabitlik zonasının olması daha münasibdir. Çünki burada onlar “Hizbullah” yaraqlılarını uğurla məhv etməyə davam edəcəklər.

Yəqin elə ona görədir ki, ABŞ Türkiyəyə deyir ki, Əsəd onların gözündə heç vaxt qanuni olmayacaq. Sanki Əsəd faktoru vəziyyəti mürəkkəbləşdirmək üçün havada asılan bir qumbara və hər an partlatmaq üçün tətikdir. Onlar üçün ən pisi də odur ki, Bəşər Əsəd hələ də amerikalıların işğal etdiyi neft yataqlarında Putinin dəstəyi ilə öz hüquqlarını təmin etmək istəyir.

Əsl həqiqət də bunu deyir ki, Suriya İran-İsrail münaqişəsi üçün bir poliqondur. İsrailin “molla rejimi”ni devirmək marağı baş tutmasa, o zaman ölkə ərazisi İran və İsrail arasında savaşın ön xəttinə çevrilə bilər. Çox maraqlıdır ki, Rəsmi Tehran Suriyada hava hücumundan müdafiə sistemləri şəbəkəsi yerləşdirməkdən belə çəkinmir.

Ümumi nəticə isə ondan ibarətdir ki, münaqişə tərəfləri, o cümlədən Rusiya və İran ABŞ-dan o qədər yanıqlıdır ki, Yaxın Şərqdə əsas sülhə görə danışıqlar aparmaq üçün heç bir yol yoxdur.

Ərdoğan isə Suriya ilə bağlı problemləri həll etmək üçün “dəridən-qabıqdan çıxır”. Türkiyə ictimaiyyəti onsuz da dövlət büdcəsinə ciddi yük olan suriyalı qaçqınlardan bezib. Ərdoğan bu məsələni həll etsə, o zaman onun yenidən seçilmək şansı ən yüksək səviyyədə artacaq.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*