Böyük Britaniya Rusiyadan olan daha 206 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, siyahıya “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov, “AFK Sistema”nın direktorlar şurasının sədri Vladimir Yevtuşenko və “Rusiya Dəmir Yolları”nın keçmiş prezidenti Vladimir Yakuninin də adları daxil edilib.
Yenilənmiş siyahı Britaniya hökumətinin saytında yerləşdirilib. Bildirilib ki, azərbaycanəsilli rusiyalı milyarder Vahid Ələkbərov “Lukoyl”u idarə etməklə Rusiya hökumətindən faydalanmağa onu dəstəkləməyə davam edir. Sanksiyaların tətbiqi həm də Rusiya hökuməti üçün “energetika sektorunun strateji əhəmiyyəti” ilə əsaslandırılır.
Həmçinin, Ukraynanın “Müxalifət platforması – Həyat naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun da adı Böyük Britaniyanın sanksiya siyahısına salınıb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı sərt siyasi xətt götürən Avropa ölkələrindən biri, bəlkə də, ən birincisi Böyük Britaniyadır.
Vəsilə İbrahim,
KONKRET.az
