Hz. Hud (ə) Quranda adı müstəqil surəyə verilən 6 peyğəmbərdən biridir. Həzrət Hudu bir çox peyğəmbərlərdən fərqləndirən xüsusiyyət, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumatın olmasıdır. Onun haqqında məlumatlar ancaq İslam mənbələrindədir. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşib və buna səbr edib.
KONKRET.az xəbər verir ki, Hz.Hud öz qövmünün vəziyyətinə yaxından bələd idi. Ona görə də peyğəmbərlik vəzifəsini yerinə yetirən kimi onları bir yerə toplayıb dedi:
“Ey İrəmin zəngin və qüdrətli camaatı, mən Allahın sizə göndərdiyi elçiyəm, Allahdan qorxun və mənə itaət edin”.
Ad qövmü təəccüblə bir-birinə baxdı. Onlar belə bir təklif gözləmirdilər.
Dedilər: “Ey Hud, bizdən nə istəyirsən, açıq danış”.
Hud peyğəmbər qövmünü yalnız Allaha ibadət etməyə, Ondan qorxmağa, bütlərə ibadət etməyi dayandırmağa çağırdı.
Bu sözlər Ad qövmünü qəzəbləndirdi və onlar Hz.Huda, “Sən də bizim kimi insansan, bizə necə peyğəmbər ola bilərsən”, – dedilər.
Hz.Hud onlara bildirdi: “Allah məni sizə doğru yolu göstərmək üçün peyğəmbər seçdi. Mənim işim sizi insanları ələ salmaq və təqib etmək kimi pis əməllərdən çəkindirməkdir. Bu həm də sizin bütlərə ibadəti dayandırıb Allaha sığınmağınız üçündür”.
Hud peyğəmbər yorulmadan həqiqəti söyləməyə davam edirdi. Maddi qüdrət və mənfəətdən başqa heç nə tanımayan Ad qövmü isə onun bu səylərini başa düşmürdü.
Onların fikrincə, bu cəhdin arxasında mütləq maddi mənfəət var idi. Bir gün bu fikri Hud peyğəmbərin üzünə dedilər. Hud peyğəmbər öz cavabında bildirdi: “Mən sizdən heç bir fayda və ya mükafat istəmirəm. Mənim mükafatım Allaha məxsusdur və mükafatımı O verəcək”.
Peyğəmbər dedi ki, onu dinləməsələr və bütpərəstliyə davam etsələr, bu zaman Allahın əzabına düçar olacaqlar. Ad qövmü Hz.Huda, “Bizi əzabla hədələyirsən, kim gəlib bizimlə vuruşmağa cürət edə bilər”, – dedi.
Hz.Hud cavabında: “Ey qövmüm, sizi yaradan Allah sizdən qat-qat güclüdür, bu gücü və sərvəti sizə verən o deyilmi?”, – dedi.
Ad qövmü Peyğəmbərin bu sözlərinə çox qəzəbləndi və “Get Rəbbinə de ki, əzabını göndərsin, görək bizə gücü çatacaqmı” cavabını verdi.
Ad qövmü bu qürur və təkəbbürlüyü üzündən əzaba düçar oldu. Allah Sərsər və Əqim küləkləri göndərərək onları məhv etdi. Küləyin şiddəti həddən artıq idi. Belə ki, o, qüvvətli, ucaboylu insanları yerindən tərpədib kənara atırdı. Qabağına çıxan hər bir şeyi məhv edirdi. İnsan, heyvan, ağac və hündür binalar yerlə yeksan oldular.
Deyilən külək yeddi gecə və səkkiz gündüz ardıcıl şəkildə eyni şiddət və soyuqluqla əsdi və hamını cansız heykəllərə döndərdi.
Hud peyğəmbər bu hadisədən sonra Həzrəmuta gəldi. Yaxınlıqda Teyrim adlı bir şəhərdə məskunlaşdı. Ömrünün qalan hissəsini orada keçirdi və 807 yaşında dünyanı tərk edərək Həzrəmutda dəfn olundu.
Hazırladı: İqbal Rzayev,
KONKRET.az
