Azyaşlını bıçaqla hədələyib evdən 5 min manat apardı, 8 il həbs edildibackend

Azyaşlını bıçaqla hədələyib evdən 5 min manat apardı, 8 il həbs edildi

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Sərxan Əbilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Sərxan Əbilov Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla və silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilmiş quldurluq cinayətini törətməkdə təqsirli bilinib.

İttihama görə, hadisə 2024-cü ilin sentyabr ayında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən vaqon tipli fərdi yaşayış evində baş verib.

Belə ki, təqsirləndirilən şəxs əvvəllər tanıdığı ev sahibi F.İsmayılovdan qisas almaq və pul əldə etmək məqsədilə həmin ünvana gəlib. O, giriş qapısının açıq olmasından istifadə edərək ev sahibinin icazəsi olmadan yaşayış sahəsinə daxil olub.

Sərxan evə daxil olarkən əlində açılıb-bağlanan bıçaq olub. O, evdə qarşılaşdığı 2012-ci il təvəllüdlü azyaşlı zərərçəkmiş şəxsi bıçaq nümayiş etdirməklə hədələyib.

Əvvəlcə azyaşlıya qarşı zor tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlinib, daha sonra isə onun üzərinə yeriyərək psixoloji təzyiq göstərilib. Həmin hərəkətlər azyaşlının həyatı və sağlamlığı üçün real təhlükə yaradıb.

Bundan sonra Sərxan azyaşlının əlində olan mobil telefonu zorla alıb. Həmin telefon zərərçəkmiş şəxsin anasına məxsus “Xiaomi Redmi 7” markalı mobil telefon olub.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs telefonu götürdükdən sonra azyaşlının anası ilə qeyri-rəsmi nikah münasibətində yaşayan şəxslə əlaqə saxlayaraq onu hədələyib. Bu yolla evdə olan şəxslər arasında vahimə yaradılıb və azyaşlı müqavimət göstərmək imkanından məhrum edilib.

Daha sonra Sərxan evdə axtarış aparmağa başlayıb. Otaqlarda pul və ya qiymətli əşya axtaran şəxs əvvəlcə heç nə tapa bilməyib. Lakin sonradan vaqon evin yataq otağına daxil olaraq çarpayının üzərindəki döşəyin altında saxlanılan pul kisəsini aşkar edib. Pul kisəsinin içərisində 5 min manat nağd pul olub. Təqsirləndirilən şəxs həmin pulu götürərək hadisə yerindən qaçıb.

Cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 5 min 206 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Məhkəmə araşdırmaları zamanı şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutlar və digər sənədlər tədqiq olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutları qiymətləndirərək Sərxan Əbilovu irəli sürülmüş ittiham üzrə təqsirli bilib. Hökmə əsasən, ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Məhkəmə həmçinin nəzərə alıb ki, təqsirləndirilən şəxs iş üzrə iki gün şübhəli şəxs qismində saxlanılıb. Bu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq təyin olunmuş cəzadan çıxılıb. Nəticədə Sərxan Əbilovun üzərində qəti olaraq 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*