“Aprelin 13-nə olan məlumata görə, 44 günlük müharibədə Ermənistan tərəfinin itkiləri 3825 nəfərdir. Onların əksəriyyətinin cəsədləri 2021-ci ildə aşkar edilib. Yaxud şəxsiyyətləri müəyyən edilərək dəfn olunub. Eyni zamanda bizi tərk etməyən bir sual da var – niyə belə oldu?”
KONKRET.az “panorama.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
Paşinyan bu suala özünün cavab verməli olduğunu deyib: “Mən həm müharibəyə, həm də məğlubiyyətə görə günahımı və məsuliyyətimi etiraf etdim. Amma mən 9 noyabr 2020-ci ildən sonra müxalifətin mənə ünvanladığı ittihamları heç vaxt qəbul etməyəcəm. Xüsusilə də məni torpaqları təhvil verməkdə və xəyanətdə ittiham edirlər” – Paşinyan bildirib.
İlk baxışdan təqsirini boynuna alıb, ancaq ittihamları qəbul etməməsinin absurd görünəcəyinə diqqət çəkən Paşinyan həm siyasi, həm də mənəvi müstəvidə bu məsələyə son qoyduğunu açıqlayıb: Əgər mənə qarşı obyektiv ittihamlar irəli sürmək istəyirlərsə, o zaman məni torpağı təhvil verməkdə deyil, bundan imtina etməkdə günahlandırsınlar. Burada öz günahımı etiraf etmişəm. Mən günahkaram, çünki 2018-2019-cu illərdə bütün yaxın və uzaq dostlarımız, o cümlədən beynəlxalq ictimaiyyət bizdən 7 rayonu Azərbaycana təhvil verməyimizi istəyib. Mən xalqa deməmişəm ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır və bizdən də bunu gözləyir. Mən bütün bu məsələləri erməni xalqına açıq şəkildə demədiyim üçün günahkaram” – Paşinyan vurğulayıb.
“Təslim olmaqla bəlkə də minlərlə insanın həyatını xilas etmiş olardım. Bunu etməməklə minlərlə itkiyə səbəb olan qərarların müəllifinə çevrildim” – Nikol Paşinyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
