Erməni saxtakarlığının canlı şahidi: Yaşlı erməni dedi ki, zaman gələcək…backend

Erməni saxtakarlığının canlı şahidi: Yaşlı erməni dedi ki, zaman gələcək...

“Bir abidəni ucaltmaq tarixin təməlini qoymaq deməkdir. Hər bölgəmizdə olduğu kimi, Qərbi Azərbaycanda da tarixi-mədəni abidələrimiz var. Ancaq təəssüflər olsun ki, ermənilər bu əraziyə köçürüləndən sonra Zəngəzurda, İrəvanda olan abidələrimizi məhv etməyə, bu yerlərdəki izlərimizi silməyə başladılar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Publika.az-a“Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov deyib.

İrəvanda doğulub-böyüyən Ə.Qasımov ermənilərin tarixi saxtalaşdırdıqlarını gözləri ilə gördüyünü bildirib: “19 yaşım olanda İrəvanda yaşlı bir kişi çay daşlarını toplayıb, onları yonurdu. Sual verdim ki, sən bunları nə edəcəksən. Mənə dedi ki, zaman gələcək, sən məqsədimi biləcəksən. Sonra mən o erməninin nə etdiyini anladım. O, çay daşlarını toplayıb rəqəmlər düzəldib, uydurma tarix yazırdı və xaç düzəldirdi. Belə halı Tərtər rayonunun Bəyimsarov kəndində də gördüm. Onlar Bəyimsarov kəndinin 150 il əvvəl ermənilər tərəfindən salınmasını sübut etmək üçün yalan faktlar düzəldirdilər. Halbuki, o kənd Azərbaycana məxsusdur və adı Sarabəyim olub. Ermənilər orada məskunlaşandan sonra saxtakarlıqla kəndin adını dəyişiblər”.

Birlik sədri qeyd edib ki, ermənilər Qarabağda da tarixi abidələri dağıdıblar. Araşdırmaçının sözlərinə görə, onlar ermənicə yalandan nələrsə yazıb torpağı qazaraq onu ora basdırmaqla, tarixi saxtalaşdırmaqla məşğul olublar: “Sübut etməyə çalışırdılar ki, guya bu ərazilərdə ermənilər yaşayıb. Mən Tərtərdə mədəniyyət evinin direktoru işləmişəm. 1988-ci ildə rayonun Şəfəq kəndinə gedəndə ikimərtəbəli evin bünövrəsinə baxdım, evin dörd küncü də xaç idi. Yaxınlaşıb maraqlananda oranın ermənilər tərəfindən tikintisinin aparıldığını öyrəndim. Soruşdum ki, ev azərbaycanlıya məxsusdursa, nə üçün siz belə şey edirsiniz. Erməni usta mənə dedi ki, sən bunları başa düşməzsən. Bunu bu formada tikirik ki, gələcək nəsillər ermənilərin bu evləri tikdiyini görsünlər. Halbuki onların işarəni qoymaqda məqsədləri gələcəkdə orada ermənilərin yaşaması yalanını uydurmaq idi. Biz oranı sökdük.

27 il İrəvanda yaşamışam, adi bir daşa belə ermənicə yazıb tullayırdılar ki, sonra onların orada olduğunu iddia etsinlər. Türkiyə ilə olan sərhəd hissəyə gedirdik, onlar Ağrı dağının, Van gölünün ermənilərə məxsus olduğunu deyirdilər. Hər yerdə abidələr ucaldıb saxta tarix yazıblar. Rusiyanın tarixi kitablarında belə qeyd edilir ki, Yerevan və Erevan sözləri olmayıb, İrəvan xanlığı olub. Bu kitablarda İrəvanda olan tarixi abidələrimizin, Göy məscidin və digər tarixi, dini yerlərin adları qeyd edilib”.

Ə.Qasımov Azərbaycan tarixinin yaşadılması, ermənilərin saxtakarlığının nümayişi üçün güclü təbliğat aparmağın vacibliyini vurğulayıb: “Mən özüm ermənilərin törətdiyi vəhşiliklərlə bağlı fotoşəkillər çəkmişəm, onları muzeyə yerləşdirmişəm. Həmçinin, bu fotolardan erməni vəhşiliyini özündə əks etdirən fotosərgi düzəltmişəm. Düşünürəm ki, çoxlu belə sərgilər təşkil edilməli, beynəlxalq ictimaiyyətə təqdim edilməlidir”.

Akqabay Mıradov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*