Koronavirusa yoluxmuş və evdə müalicə alan xəstələrə pulsuz dərmanların verilməməsi barədə növbəti fakt qeyd alınıb.
Şikayətçi Orxan Mirzəyev bildirib ki, koronavirusa yoluxduğu üçün qeydiyyatda olduğu 35 nömrəli şəhər poliklinikasına müraciət edib. Poliklinikadan koronavirus xəstələri üçün nəzərdə tutulmuş və pulsuz verilməli olan dərmanlar şikayətçiyə təqdim olunmayıb.
Ona bildirib ki, yalnız imtiyazlı şəxslərə, 65-yaşdan yuxarı şəxslərə, şəhid və qazi ailələrinə həmin dərmanlar verilib. Bunu 35 nömrəli şəhər poliklinikasının Emin adlı həkimi bildirib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı baku.ws həkimlə əlaqə saxlayıb və o, bunları bildirdi: “Dövlətin ayırdığı dərmanı verməkdən imtina etmirəm. Güzəştlər var, hansı xəstəyə verin. Hamıya verə biliriksə, desinlər, hamıya paylayaq”.
Koronavirus xəstələrinə pulsuz dərmanların verilməməsi barədə hər hansı göstərişin olub-olmamasını müəyyənləşdirmək məqsədilə Səhiyyə Nazirliyinə müraciət edilib. Qurumdan bildirildi ki, dərmanlardan vətəndaşlara verilməsi davam edir:
“Bütün alt və üst simptomlu xəstələrə vitamin kompleksi verilir. Əgər hər hansı vətəndaşa dərmanların verilməməsi halı baş veribsə, Bakı Baş Səhiyyə İdarəsinə müraciət etsin. Müraciətində qeyd etsin ki, ona dərmanlar təqdim olunmayıb. Bütün müraciətlər xüsusi təyin edilmiş komissiya tərəfindən araşdırılacaq”.
