Rusiyanın 2014-cü ildən başlayaraq Ukraynaya qarşı işğalçılıq siyasəti yürütməsi yerli əhalinin həyatını darmadağın edib desək, yumşaq səslənər. Krım, Donetsk və Luqanskdan qaçmağa məcbur olan və ölkənin başqa vilayətlərinə sığınan ukraynalılar indi də dəhşətli və qanlı müharibə ilə üzləşiblər. Onlardan biri də vaxtilə Donetskda yaşayan, sonra Dnepropetrovsk vilayətinin Kamensk şəhərində məskunlaşan Vitali Overkodur. İxtisasca fizik və riyaziyyatçı olsa da, hazırda biofizika ilə məşğuldur və bu şəhərdəki “Əl-Basir” məscidinin imamıdır. Bütün çətinliklərə baxmayaraq, indi Ukrayna xalqı ön və arxa cəbhədə tam səfərbər olub, ölkəsinə fayda gətirmək üçün əlindən gələni edir. KONKRET.az məscid imamının bu günlərdə hansı işlərlə məşğul olması ilə maraqlanıb.
– Hazırda haradasınız?
– Kamensk şəhərindəyəm. Rus qoşunları şəhərin cənubundan 100 km, şərqindən 200 km aralıdadır. Şimali-qərb tərəf sərhədə qədər azaddır.
– Bir çoxları deyir ki, Rusiyanın Ukraynaya hücumu onlar üçün gözlənilməz oldu. Çünki buna sonadək inanmırdılar. Sizin üçün də elədirmi?
– Xeyr, gözlənilməz olmadı. Bildiyiniz kimi, bizdə müharibə 8 ildir davam edir. 2014-cü ildən rus ordusu Ukraynanın məlum ərazilərini işğal edib. Onlar bunu inkar edirdilər, amma gizlətmirdilər. Rus zabitləri Donetsk vilayətinə gəlir, mənzillər alır və ya kirayə tutur, ailələrini gətirib, işğal olunmuş ərazilərdə yaşayırdılar. 2014-cü ilin əvvəlindən ukraynalıları atəşə tuturdular və müharibə gedirdi. Odur ki, belə açıq və genişmiqyaslı təcavüz də gözlənilməz olmadı.
Bəlkə mən də insanların əksəriyyəti kimi, bunun baş verməməsi üçün hansısa səbəbləri axtarmağa çalışırdım. Belə hadisənin baş verəcəyinə inanmaq istəmirdik. Hərçənd hər şey əvvəl-axır tam miqyaslı təcavüzlə qarşılaşacağımızdan xəbər verirdi. Nə yaxşı ki, gözlərinə çəhrayı eynək taxmayan şəxslərimiz var və müharibəyə hazırlaşırdılar. Ona görə də Ukrayna ordusu və bütövlükdə, cəmiyyət bu hücuma hazırlıqlı yanaşdı. Təşviş olmadı. Əlbəttə, ölkədən gedənlər çox oldu. Amma təşvişə düşüb, karvan şəklində qaçan, haray-qışqırıq salan, köməyə çağıranlar olmadı. Bəli, insanlar qorxur və çıxıb gedirdilər. Amma bunu başlarını və ağıllarını itirmədən edirdilər.
– Ukraynada insanların əksəriyyəti orduya və mülki əhaliyə kömək etmək üçün əlindən gələni edir. Keşişlər yaranmış durumda nə edirlər?
– Çətin sualdır. Çünki insanlar müxtəlifdir. Hərçənd, məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti bəzi keşişləri həbs edib. Bu, Moskva Patriarxlığının keşişləridir. Onlar Rusiya ilə əməkdaşlıq etdiklərinə görə saxlanıblar. Bu barədə şokedici faktlar var. Digər məzhəblərdə də belə halların olması istisna deyil. Amma Moskva Patriarxlığının keşişlərinin xəyanəti göz qabağında idi. İnsanların əksəriyyəti anlayır ki, baş verənlər şərəfsizliyin, ədalətsizliyin zirvəsidir. Bu, insanların hüquqlarına və həyatına birbaşa qəsddir.
Bəzilərinin müharibədən qazanc əldə etməsinə dair dəhşətli faktlar var. Amma ürəkaçan hallar da mövcuddur. Əhali əlindən gələn qədər bir-birinə, qaçqınlara və Ukrayna ordusuna kömək etməyə çalışır.
Deyə bilərəm ki, “Umma” Ukrayna Müsəlmanları Ruhani İdarəsi, Krım Müsəlmanlarının Ruhani İdarəsi və Ukrayna Müsəlmanları Assosiasiyası könüllülük hərəkatında fəal iştirak edir. Onlar orduya, mülki vətəndaşlara, qaçqınlara yardım edir, Ukrayna ordusunda xidmət edən müsəlman əsgərlərini mənəvi cəhətdən dəstəkləməyə çalışırlar. Böyük Yaradan bizə deyir ki, səyyahın gecələmə, yaxşı münasibət, yemək haqqı var. Biz insanları dini baxışlarına görə bölmürük. Hər kəsə şəfqətlə yanaşırıq. Kimin yeməyə, gecələməyə və ya təhlükəsiz yerə göndərilməsinə ehtiyacı varsa, bunu təmin edirik.
– Dünya ictimaiyyəti rus işğalçılarının Ukraynanın Buça, Mariupol, İrpen və digər şəhərlərində törətdikləri hərbi cinayətlərdən və soyqırımlardan dəhşətə gəlib. Buçaya ziyarəti zamanı həmin vahiməli ifadəni Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin simasında da gördük. Yəqin ki, belə cinayətlər ukraynalıların qonşu dövlətə nifrətini daha da gücləndirir…
– Bəli, belə vəhşiliklər xalq arasında qonşu dövlətə qarşı nifrəti gücləndirir. Nifrətin dövlətdən insanlara keçə biləcəyi məni narahat edir. Axı Rusiyada yaşayan hər adam da əclaf və alçaq deyil. Amma könüllü olaraq hərbi xidmətə gedənlər, hətta bu vəhşiliklərdə bilavasitə iştirak etməsələr də, paqon taxıb, buna razı olan şəxslər də bu cinayətlərə görə tam məsuliyyət daşıyırlar. Təəssüf ki, belə mənfurlar üzündən nifrət döyüşlərdə iştirak etməyən digər rusiyalılara qarşı da yayılacaq.
Lakin nə baş verdiyini çox yaxşı anlayan, həm ölkələrini, həm də qonşularının bu ölkəyə münasibətini yaxşılığa doğru dəyişmək istəyən ruslar da var. Ümid edirəm ki, belə insanlar çoxalacaq və həmin ölkə dəyişəcək. Düşünürəm ki, vaxt gələcək, daha dinc şəraitdə yaşayacağıq. Amma bunun üçün, yəqin ki, bu nəhəng imperiya dağılmalıdır. Orada yaşayan xalqların öz dövləti olmalıdır. Onlar öz qanunları və adət-ənənələri ilə yaşamalıdır.
– Müharibədə müsəlman əsgərlərin də döyüşdüyünü vurğuladınız. Onların arasında Ukraynada yaşayan azərbaycanlılar da var. Müsəlmanların çoxmillətli və çoxkonfessiyalı Ukraynanın ərazi bütövlüyü uğrunda rus təcavüzkarlarına qarşı mübarizəsini necə qiymətləndirirsiniz?
– Ukraynanın bütün müsəlman icması adından danışa bilmərəm. Amma təkcə müsəlmanlar deyil, digər məzhəblərin də əksər nümayəndəsi çox yaxşı anlayır ki, ölkəmizdə insanların hüquqlarının kobud şəkildə pozulması baş verib. Və gücü çatan müsəlman da bu ədalətsizliyin aradan qaldırılmasında iştirak etməlidir. Gücü çatmayan bunu sözdə qınamalıdır, buna da imkanı yoxdursa, ürəyində bununla razılaşmamalıdır. Dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs şərə, zorakılığa və ədalətsizliyə qarşı çıxmalıdır. Doğrudur, özünü müsəlman adlandıran hər kəs haqqında bunu demək mümkün deyil. Müxtəlif hallar var. Amma müxtəlif etnik mənsubiyyətə məxsus müsəlmanlar da Ukrayna xalqının tərkib hissəsidir. Onlar Ukrayna dövlətinin və xalqının haqq mübarizəsini ürəkdən dəstəkləyirlər.
Mən İslam dini baxımından qardaş adlandırdığım sizin həmyerliniz Teymur İbrahimovla dostluğumla fəxr edirəm. Qürur duyuram ki, çeçen qardaşlarımız bu müharibədə ədaləti, torpaqlarımızı, canımızı, namusumuzu, ailələrimizi müdafiə etmək məqsədilə uzaq ölkələrdən gəliblər. Bizim üçün fərqi yoxdur. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Ukrayna ordusunda döyüşən bütün ukraynalılarla fəxr edirəm. Onlar işğalçıların ölkəmizdən çıxarılması, Ukraynanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşür, cəbhə xəttində bir-birlərinə kömək edir, canlarından keçirlər.
Rusiyanın başlatdığı qəsbkar müharibə Ukrayna xalqını birləşdirib. Xristian, müsəlman və yəhudilərin dini qurumları xeyriyyə fondları yaradırlar. Bu fondlar istisnasız və sorğu-sualsız şəkildə yardıma ehtiyacı olan bütün ukraynalılara kömək edir. Ədalətin zəfər çalması naminə hər kəs nəcib və ülvi hisslərlə hərəkət edir, varlanmaq, mənfəət qazanmaq məqsədi güdmür. Ümid edirəm ki, bu münasibət aradan qalxmayacaq və ədalət zəfər çaldıqdan sonra biz indikindən daha yaxşı dünyada yaşayacağıq.
–Azərbaycanlı oxuculara nə demək istərdiniz?
Ramazan ayına çatmağımız münasibətilə onları təbrik etmək istəyirəm. İnşaallah, bu ayın sonuna qədər yaşayıb, Ramazan bayramını qarşılayacaq və dualarımızı oxuyacağıq. Hamımıza növbəti Ramazan ayını görməyi arzulayıram.
Ətrafımızda ədaləti bərqərar etməyə çalışmağı arzulamaq istərdim. Ədalət uca Yaradana tərəf aparan yollardan biridir. Bizim edə biləcəyimiz ən yaxşı əməllər xeyirxahlıq göstərmək, səxavətli olmaqdır. Gəlin, bu dünyanı birlikdə daha ədalətli bir yerə çevirək. Ümid edək ki, Allah səylərimizi qəbul etsin və günahlarımızı bağışlasın. Amin!
– Müsahibəyə görə minnətdarlığımızı bildiririk. Ukrayna xalqına tezliklə qələbə qazanmağı və sülh şəraitində yaşamağı arzulayırıq.
Xatirə SADİQ,
Konkret.az