Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan Şirinovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Onun ittiham edildiyiCinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi həmin Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub və cəzası 10 il 6 aya endirilib.
İttihama görə, hadisə 2023-cü ilin martında Gəncə şəhərində yerləşən “OBA” marketdə qeydə alınıb.
Belə ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların 2 övladı dünyaya gəlib. 2020-ci ildən isə etibarən cütlüyün münasibətləri tədricən pozulub.
Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. Bir müddət sonra keçmiş xanımının Gəncədə “OBA” marketdə çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib. O, marketə daxil olaraq heç bir söhbət etmədən hücum edərək insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
