Türkiyə İraqın şimalında terrorçulara qarşı əməliyyata başladıbackend

Türkiyə İraqın şimalında terrorçulara qarşı əməliyyata başladı

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid” əməliyyatına başlayıb.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiy Milli Müdafiə naziri Hulusi Akar bildirib.

İraqın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatı ilə bağlı brifinq keçirən nazir Akar, Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzi ilə video konfrans keçirib.

Hava əməliyyatındakı son vəziyyətlə bağlı məlumat alan Akar, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaq məqsədi ilə terror hədəflərinə qarşı “Pəncə Kilid” əməliyyatına başladı”-deyə bildirib.

Əməliyyat çərçivəsində terror təşkilatına aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirən Akar:

“Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki terror hədəfləri hava qüvvələrimiz tərəfindən atəşə tutulub. Qəhrəman pilotlarımız terror təşkilatına aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarlarından ibarət hədəfləri uğurla vurub. “Fırtına”, “MLRA” və digər artilleriya elementlərinin təyin etdiyi hədəflər atəşə tutulub və tam dəqiqliklə vurulub. Qəhrəman komandolarımız “ATAK” helikopterləri və “PUA”ların dəstəyi ilə qurudan sızaraq bölgəyə daxil olub.Hələlik əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Akar əməliyyatı Baş Qərargah rəisi ordu generalı Gülər, Quru Qoşunları komandanı general Avsever, Hərbi Dəniz Qüvvələri komandanı General Özbal və Hərbi Hava Qüvvələri komandanı Həsən Küçükakyüz ilə əməliyyat mərkəzlərindən izlədiklərini bildirib:

“Bir daha demək istəyirəm ki, bizim yeganə hədəfimiz terrorçulardır. Mülki əhalinin, ətraf mühitin, mədəni və dini strukturların zərər görməməsi üçün maksimum həssaslıq göstərilir”.

Türkiyə Milli Müdafiə naziri Akar “Pəncə Kilid” əməliyyatına qatılan pilotlarla radiorabitə vasitəsilə danışıb:

“Fəaliyyətlərinizi böyük qürur və məmnuniyyətlə yaxından izləyirik. İndiyə qədər qarşıya qoyulan hədəflər planlaşdırıldığı kimi uğurla vuruldu. Hərbi Hava Qüvvələrimizin şanlı tarixinə uyğun olaraq həmişə qürurla xatırlanacaq bu missiyaları yerinə yetirdiniz”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*